ABŞ Dövlət Departamenti həbsxanada 51 gündür aclıq edən insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işilə bağlı növbəti dəfə narahatlığını bildirib.
Fevralın 27-də ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Turan agentliyinin Dövlət Departamentinin bəyanatlarından sonra Azərbaycan hökumətinin Bəxtiyar Hacıyevi nəinki həbsdən azad etməyib, onun həbs müddətini daha iki ay uzatması ilə bağlı sualını cavablandırıb.
“Bu, yenə də azərbaycanlı tərəfdaşlarımızla birbaşa əlaqə saxladığımız bir hadisədir. Biz bütün dünyada ümumbəşəri hüquqlar haqqında danışırıq, əvvəlki brifinqdə həmkarlarınızdan birinin sualına qayıdırıq – ifadə azadlığı hüququ universal hüquqdur. Bu, yalnız müəyyən ölkələrdə və müəyyən ölkələr blokunda olan insanlara şamil edilmir. Bunlar hüquqlardır və bu, bütün dünyada insanlara şamil olunan bir prinsipdir. İstər sistematik, istərsə də konkret hallarda ümumbəşəri hüququn təhlükə altına düşdüyünü gördüyümüz zaman bu narahatlığı bildirməkdən çəkinmirik. Biz bu məsələni, bu brifinq otağında olduğu kimi həm ictimai şəkildə, azərbaycanlı tərəfdaşlarımızla özəl şəkildə də qaldırmışıq”, o qeyd edib.
Bundan öncə ABŞ Dövlət Departamenti, senatorlar Durbin və Kardin iki dəfə Bəxtiyar Hacıyevi azad etməyə çağırıblar. Keçmiş dövlət katibi Hillari Klinton, USAID-in direktoru Samanta Pauer da onun müdafiəsinə qalxıb.
Dekabrın 9-da "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə həbs olunan Bəxtiyar Hacıyev 51 gündür aclıq edir və onun səhhətinin kritik vəziyyətdə olduğu bildirilir. Hacıyev ittihamı qəbul etmir, həbsinin siyasi xarakter daşıdığına etiraz olaraq aclıq edir.