İran Azərbaycanında türk fəallar son həftələrdə azad olunan siyasi məhbusları müxtəlif şəhərlərdə ziyarət ediblər.
Milli fəalların sosial mediada paylaşdıqları məlumata görə, İran Azərbaycanının müxtəlif şəhərlərindən azərbaycanlı fəallar son həftələrdə azad edilən Əlirza Fərşi, Əkbər Nəimi, Tovhid Əmir Əmini, Əkbər Əbulzadə və Ruzbeh Pirinin görüşünə gedib.
Ərdəbildə Azərbaycan Milli Hərəkatının fəallarından ibarət bir qrup fevral ayının 10-da Evin həbsxanasından azad edilmiş türk dil haqları fəalı Tovhid Əmir Əmini ilə görüşüb. Tovhid Əmir Əmini 4 il həbsdən sonra bu yaxınlarda elan edilən ümumi əfv sərəncamına əsasən vaxtından əvvəl sərbəst buraxılıb.
Fevral ayının 11-də Zəncanda bir qrup Azərbaycan Milli Hərəkatının fəalı Təbriz Mərkəzi Həbsxanasından bir müddət əvvəl azad edilmiş siyasi məhbus Əkbər Əbulzadə ilə görüşüb.
Həmçinin Tehranda yaşayan bir qrup azərbaycanlı milli fəal Evin həbsxanasından bir müddət əvvəl azad edilmiş siyasi məhbus Əkbər Nəimini ziyarət edib.
Xoyda türk fəallar siyasi məhbus Əkbər Nəiminin atası evində onunla və bu yaxınlarda Evin həbsxanasından azadlığa çıxan Əlirza Fərşi ilə görüşüblər. Habelə İran Azərbaycanının Mərənd şəhərindən olan bir qrup milli fəal Evin həbsxanasından bir müddət əvvəl azad edilmiş azərbaycanlı siyasi məhbus Əlirza Fərşini ziyarət edib, İran Azərbaycanında baş verən son hadisələrlə ətrafında müzakirələr aparıblar.
Urmiyəli bir qrup milli fəal isə bir il həbsindən sonra bu yaxınlarda Təbriz həbsxanasından sərbəst buraxılan siyasi məhbus Ruzbeh Pirini ziyarət ediblər.
İran məhkəmə sisteminin fevral ayının 5-də elan etdiyi ümumi əfv sərəncamı nəticəsində bir sıra siyasi məhbuslar vaxtından əvvəl sərbəst buraxılıb. Bununla belə, bir çox siyasi məhbus, o cümlədən Abbas Lisani hələ həbsdə qalır.