Tehranda yaşayan azərbaycanlı milli fəal Əlirza Fərşi 3 ildən artıq həbsdən sonra fevralın 8-də Evin həbsxanasından azad edilib.
Əslən İran Azərbaycanının Mərənd şəhərindən olan bu türk dili haqları müdafiəçisi Instagram səhifəsində yazı dərc edərək, azadlığa çıxdığını bildirib. Fərşi yazıb ki, həbsxananın ədliyyə müavinləri ona telefon zəngi ilə azadlığa çıxması barədə məlumat verib.
Fərşi 4 illik həbs cəzasının 3 il 3 ayını çəkmişdi və cəzasının bitməsinə cəmi 9 ay qaldığı bir vaxt, ədliyyə sisteminin həbsxanaya göndərilən məktubu əsasında həbsdən azad edilib.
Evin həbsxanasının ədliyyə müavininin siyasi məhbusa bildirdiyinə görə, Əlirza Fərşi fevralın 12-də Xuzistan vilayətinin şəhərlərinin birində iki il müddətinə sürgün cəzasının tətbiq edilməsi ilə əlaqədar Evin həbsxanasının hökmlərin icra şöbəsinə getməlidir.
Əlirza Fərşi azadlığa buraxılmasının səbəbi və həbs cəzasının yüngülləşdirilməsi barədə məlumat verməsə də, onun azadlığa buraxılmasının ədliyyənin ümumi amnistiya sərəncamı ilə bağlı həyata keçirildiyi güman edilir.
Son günlərdə ölkə həbsxanalarından xeyli sayda siyasi məhbus və son etiraz aksiyalarında həbs edilən bir çox etirazçı vətəndaşın buraxıldığı bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məhbusların vaxtından əvvəl azadlığa buraxılmasının təfərrüatlarının hələ ki müəyyən edilmədiyini qeyd edərək, son neçə gün ərzində azadlığa buraxılanların “ümumi amnistiya sərəncamı” ilə əlaqədar olduğu güman edilir.
Türk ictimai fəal Əlirza Fərşi, Şərif Texnologiya Universitetində kompüter elmləri saəsində təhsil alıb və Tehran sakindir. O, dəfələrlə İran Azərbaycanında türk dilinin hüquqları üzrə apardığı dinc fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, işgəncələrə məruz qalıb və məhkəmə tərəfindən uzun müddətli həbs cəzalarına məhkum edilib.