Accessibility links

Türk dili haqları müdafiəçisi Tovhid Əmir Əmini azadlığa buraxılıb


Soldan Tovhid Əmir Əmini və Məhəmməd Həbibi
Soldan Tovhid Əmir Əmini və Məhəmməd Həbibi

Tovhid Əmir Əmini fevralın 7-də axşam saatlarında dörd il həbsdən sonra Tehranın Evin həbsxanasından azad edilib.

Bu barədə HRA xəbər agentliyi və Günaz TV saytı məlumat yayıb.

Məlumata görə, Evin həbsxanasında 5 il həbs cəzası çəkməkdə olan türk dil haqları fəalı Tovhid Əmir Əmini 4 illik həbsdən sonra azadlığa çıxıb. Bu məhbusun vaxtından əvvəl azadlığa buraxılmasının dəqiq səbəbi qeyd olunmasa da, onun ümumi amnistiya sərəncamı ilə bağlı azadlığa çıxdığı ehtimal edilir.

Tovhid Əmir Əmininin İranda müəllimlər həmkarlar ittifaqının sözçüsü Məhəmməd Həbibi ilə eyni vaxtda Evin həbsxanasından sərbəst buraxıldığı bildirilir.

Əmir Əmini Tehranda yaşayan və Ərdəbildə anadan olan türk dili haqları müdafiəçisidir. O, 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü ərəfəsində həmin günün şərəfinə və türk dilinin qorunub saxlanmasının əhəmiyyətindən bəhs edən broşürlər paylayarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Tehran İnqilab Məhkəməsi onu “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “milli təhlükəsizliyi pozmaq üçün toplaşmaq və əlbir olmaq” ittihamlarından müvafiq olaraq, 18 ay və 7 il 6 ay həbs cəzasına məhkum edib.

Bu azərbaycanlı fəalın həbs cəzası 2020-ci ildə qəbul edilən məhbusların həbs müddətinin azaldılması ilə bağlı qanunun tətbiqi nəticəsində 7 il 6 aydan 5 ilə qədər azaldılıb.

XS
SM
MD
LG