Accessibility links

Siyasi məhbus Tovhid Əmir Əmininin koronavirusa yoluxduğu güman edilir


Tovhid Əmir Əmini
Tovhid Əmir Əmini

Tehranın Evin Həbsxanasında saxlanılan siyasi məhbus Tovhid Əmir Əminidə COVID-19 xəstəliyinin simptomları müşahidə olunub.

Bu barədə bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri məlumat yayıb.

Siyasi məhbus yanvarın 29-da ailəsi ilə qurduğu telefon əlaqəsində onda quru öskürək, boğaz ağrısı və bunlara bənzər digər COVID-19 xəstəliyinin simptomları haqda məlumat verib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin dərc etdiyi məlumata görə, Evin Həbsxanasının 4-cü palatasında 20 məhbusun COVID-19 testi müsbət çıxıb.

Hal-hazırda Evin Həbsxanasında 5 illik həbs cəzasını çəkməkdə olan Əmir Əmini 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günündə Tehran şəhərində əhali arasında ana dili məzmunu ilə broşür paylayarkən Kəşfiyyat agentləri tərəfindən həbs edilmişdi.

Tovhid Əmir Əmini birinci məhkəmə iclasında Tehran İnqilab Məhkəməsinidə "sistemə qarşı təbliğat aparmaq" və "ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları ilə suçlanıb, 9 il həbs cəzasına məhkum edilmişdi.

Daha sonra Tehran Apellyasiya Məhkəməsi fəalın həbs müddətini 7 il 1 aya azaldıb. Bu cəza İranda məhkəmə sisteminin həbs cəzasını azaltma qanunu ilə 5 illik həbsə endirilib.

Güneyli siyasi məhbus Tovhid Əmir Əmini daha öncə də apardığı dinc fəaliyyətlərinə görə həbs edilib, o, tanınmış siyasi məhbus Abbas Lisaninin həbsinə etiraz etdiyi üçün 6 ay həbs və qamçı cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG