Azərbaycanda insan haqlarının durumuna fərqli baxış

Avropa İnsan Hüquqları Konvensiyası

Dekabrın 10-da dünyada Beynəlxalq İnsan Hüquqlarının Müdafisəsi günü qeyd edilir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müxtəlif istiqamətlər üzrə insan haqlarının pozulma halları var.

Amerikanın Səsinin müxbirləri Azərbaycanda insan haqlarının durumu ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə müsahibə aparıb. Onlar insan hüquqlarının durumu və beynəlxalq insan haqları təşkilatları ilə münasibətlərin qurulması və bu sahədəki problemlərdən danışıb.

Your browser doesn’t support HTML5

Bəşir Süleymanlı: Azərbaycanda hələ də siyasi məhbus problemi həll olunmayıb

Bəşir Süleymanlı: Azərbaycanda hələ də siyasi məhbus problemi həll olunmayıb

Amerikanın Səsi: Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti necə qiymətləndirisiniz?

Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı həm yerli təşkilatlar, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı qurumlar tərəfindən problemlər qaldırılıb.

Bəşir Süleymanlı: Ümumiyyətlə, Azərbaycanda insan hüquqlarının vəziyyəti zaman-zaman müzakirə mövzusu olub. Həm Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə baxanda, həm Azərbaycan konstitusiyası, o cümlədən yerli qanunvericiliklə bağlı zaman-zaman Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı həm yerli təşkilatlar, həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı qurumlar tərəfindən problemlər qaldırılıb. Amma təəssüflər olsun ki, müəyyən zamanda hansısa kiçik müsbət dəyişikliklər olsa da, sonradan insan hüquqlarının pozulması ilə bağlı hallar baş verib. Bunlar daha çox fundemental azadlıqlarla bağlı beynəlxalq təşkilatların qaldırdıqları məsələlərdir. Birləşmək, toplaşmaq azadlığının məhdudlaşdırılmasını özündə ehtiva edir. Yerli təşkilatlar da, dəfələrlə bunu yerli hökümət qarşısında qaldırıb və - insan hüquqları ilə bağlı hansı sahədə problemlər var - bu sahələrdə olan problemlərin aradan qaldırılması, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflərlə çıxış edib.

Amerikanın Səsi: Azərbaycan vətəndaşların hansı sahələrdə hüquqları daha çox pozulur? Bu lazımı qanunvericilik bazasının olmaması, yoxsa hüquqi normaların tətbiqində baş verənlərlə bağlıdır?

Vətəndaş cəmiyyəti ilə bağlı problemlər davam edir, birləşmək hüququ məhdudlaşdırılır. Toplaşmaq azadlığı demək olar ki, məhdudlaşdırılır. O cümlədən, məişət zorakılığı ilə bağlı problemlər qalıb. Media ilə bağlı problemlər qalıb.

Bəşir Süleymanlı: Burada hər ikisi öz əksini tapıb. Həm qanunvericilik bazasında olan problemlərlə bağlı, məsələn birləşmə azadlığı ilə bağlı bilirsiniz ki, uzun zamandır, səkkiz ilə qədərdir problem qalmaqdadır. Vətəndaş cəmiyyəti ilə bağlı problemlər davam edir, birləşmək hüququ məhdudlaşdırılır. Toplaşmaq azadlığı demək olar ki, məhdudlaşdırılır. O cümlədən, məişət zorakılığı ilə bağlı problemlər qalıb. Media ilə bağlı problemlər qalıb. Qanunvericilik yeniləndi, amma təəssüflər olsun ki, Venesiya Komissiyası hətta bununla bağlı mənfi rəy verdi. Müstəqil jurnalistlər, müstəqil media qrumları bunun doğru-dürüst olmadığını, mədudlaşdırıldığını bildirdilər. O cümlədən sosial sahədə də. İstər təhsil sahəsində, istər sosial sahədə olsun, kifayət qədər problemlər qalmaqdadır. Sosial sahədə bəzi müsbət addımlar atılsa da, məsələn, böyük korrupsiyanın qarşısı alınsa da, amma ümumilikdə vətəndaşların fundemental bütöv problemləri həll olunmur. Burada o cümlədən qeyd elədiyiniz kimi icra mexanizmində də problemlər var. Bəzən qanunlar qəbul olunur. Onun icrasında hökümət məsuliyyət daşıyır. Mərkəzi icra hakimiyyəti qanunların icrası istiqamətində məsuldur. Amma, bunun icrası istiqamətində də ciddi problemlər qalır. Ümumilikdə siyasi iradə qoyulmalıdır ortaya ki, qəbul olunan qanunlar, təlimatlar dürüst, ədalətli icra olunsun və yekunda vətəndaşın hüququ pozulmasın.

Amerikanın Səsi: Azərbaycanda insan hüquqları ilə məşğul olan qeyri hökumət təşkilatlarının hüquqların müdafiəsi ilə bağlı təsirli tədbirlər görmək imkanları varmı? Bu sahədə çətinlklər nədir?

Burada vəkillik institutunun zəif olması, bölgələrdə vəkillərin əlçatımlı olmaması və yaxud çox az sayda olması öz təsirini göstərir.

Bəşir Süleymanlı: Çox ciddi problemlər var. Qeyd elədim, öncə birləşmək hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Səkkiz ildir ki, bu hüquq demək olar ki, məhdudlaşdırılıb. Qanunvericilikdə həmin təşkilatların maliyyələşdirilməsi, birləşməsi ilə bağlı, beynəlxalq təşkilatların ölkədə fəaliyyəti ilə bağlı məhdudiyyətlər var. Bu da institusional inkişafa, ciddi hüquq-müdafiə prosesini həyata keçirməyə şərait yaratmır. O cümlədən, hüququ pozulan vətəndaşlara əlçatım imkanları məhdudlaşdırılır. Bakıda və regionlarda vətəndaş cəmiyyətinə çıxış imkanları məhduddur. Onların hüquqlarını müdafiə edə bilmirlər. Burada vəkillik institutunun zəif olması, bölgələrdə vəkillərin əlçatımlı olmaması və yaxud çox az sayda olması öz təsirini göstərir. Burada yalnız siyasi hüquqların müdafiəsindən söhbət getmir. O cümlədən sosial hüquqlardan, iqtisadi hüquqlardan və yaxud ekoloji hüquqlarla bağlı, hətta ekoloji problemlərlə bağlı dəfələrlə bu məsələni qaldırıldığını və burada problemlərin olduğunu görürük. O cümlədən də onlara olan mənfi münasibətlərdən. Düzdür müəyyən dövrdə hökümət elan elədi ki, vətəndaş cəmiyyəti lazımdı, bəzən prezident də mesaj verir. İcra mexanizimində biz bunun doğru olmadığını görürük. Əksinə basqılar olur. Hansısa problemi qaldıran şəxslərə qarşı təqiblər olur. Nəinki o problemi həll eləməyə çalışırlar.

Amerikanın Səsi: Azərbaycanda fundamental hüquqların daha yaxşı qorunması üçün nələr edilməlidir? Beynəlxalq birlik bu işdə hansı köməkliklər göstərə bilər?

Azərbaycanda hələ də siyasi baxışlarına görə insanlar həbs olunur, təqib olunur. Təzyiqlərə məruz qalır. Uzun müddət həbsdə yatmaq məcburiyyətində qalır.

Bəşir Süleymanlı: Bu çox mühüm əhəmiyyət kəsb edir. Əslində söhbət qanunvericilik bazasının Azərbaycan dövlətinin götürdüyü öhdəliklərə uğunlaşdırılmasından gedir ki, hansı ki, sadaldığım qanunvericilik əsas fundamental azadlıqlarla bağlı beynəlxalq standartlara çatdırılmalıdır. Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyyələri nəzərə alınmaqla qanunvericilik bazası təkmilləşdirilməlidir. Digər tərəfdən icra mexanizmi ilə bağlı. Əsas fundamental hüquqlarla bağlı problemlər aradan qaldırılmalıdır. Məsələn, vətəndaşların toplaşmaq hüququ təmin olunmalıdır. Birləşmək hüququna edilən məhdudiyyətlər aradan qaldırılmalıdır. O cümlədən siyasi baxışlarına görə vətəndaşların təqib olunması dayandırılmalıdır. Siyasi məhbus problemi birdəfəlik həll olunmalıdır. Bu çox ciddi məsələdir. Uzun illərdir biz bu məsələni beynəlxalq təşkilatlar və yerli hökümət səviyyəsində qaldırırıq. Azərbaycan artıq bu məsələni həll etməlidir. İyirmi birinci əsrə gəlmişik, 2022-ci il bitir. Amma Azərbaycanda hələ də siyasi baxışlarına görə insanlar həbs olunur, təqib olunur. Təzyiqlərə məruz qalır. Uzun müddət həbsdə yatmaq məcburiyyətində qalır. Ona görə də bu məsələ birdəfəlik həll olunmalıdır. Ən başlıca problemlərdən biridir. Digər porblemlər də addım-addım həll olunmalıdır.

Zahid Oruc (Fotonu Zahid Oruc təqdim edib)

Zahid Oruc: 1 milyon 200 minədək məhkəmə qərarının icrasını gözləməsi bizi narahat etməlidir

Amerikanın Səsi: Dekabrın 10-da Beynəlxalq İnsan Haqlarının Müdafiəsi günü qeyd edilir. Son bir ildə Azərbaycanda bu sahədə durumu necə qiymətləndirərdiniz?

Zahid Oruc: İnsan haqları gününü dünyada gedən mürəkkəb proseslər və bəşəri çağırışlar dövründə qeyd edirik. Başa çatmaqda olan 2022-ci ildə Ukraynada davam edən müharibənin növbəti ilə keçməsi təkcə minlərlə insanın ölümü, on milyonlarla köçkünün deyil, gələcək nəsillərin də həyatında silinməz izlər qoyur. İndi qarşımıza çıxan insanlar yalnız özləri üçün deyil, dünyanın taleyindən də narahatlıqlarını, qorxularını bölüşürlər.

Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar hüququn sərt üzünü görür. Vəzifə mövqeyindən sui istifadə edənlərə qarşı tədbirlər sərtləşdirilib.

Azərbaycanın yerli reallığında insan haqlarının təminatı üçün 1-ci çağırış, müharibə cinayətlərinin müddətdən asılı olmayaraq, cəzalandırma mexanizmlərinin işlək vəziyyətə gətirilməsidir. Korrupsiya hüquqpozmalarına qarşı sərt tədbirlər son illər artıb. Xüsusilə də mərkəzi icra hakimiyyəti orqanlarında büdcə vəsaitələrinin mənimsənilməsinə qarşı cəzalandırılanların sosial tərkibinin yalnız aşağı çinli məmurlar deyil, yükək vəzifə tutan şəxslər olduğunu görə bilərik. Lakin institusional dəyişikliklər gücləndirilməlidir.

Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı (Tərtər işi-red) uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün prezidentin tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən ədalətli qiymət verilməsi, onların bəraət alması mühüm hadisədir. Lakin burada həllini tələb edən və günahkarların cəzalandırılması mütləq baş verməlidir.

Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar hüququn sərt üzünü görür. Vəzifə mövqeyindən sui istifadə edənlərə qarşı tədbirlər sərtləşdirilib.

Bəraət hökmləri sahəsində rəqəmlərin azlığı hər yerdə vurğulanır və hüquqi tədbirlər tələb edir. Ötən günlərdə, ədliyyə orqanları ilə birgə keçirilən tədbirdə rəsmi şəxslərin 1 milyon 200 minədək məhkəmə qərarının icrasını gözləməsi ilə bağlı verdiyi məlumatlar bizi narahat etməlidir. Dövlət adından çıxarılan qərar və qətnamələrin taleyi millətin mövqeyini, ictimai birgəyaşıyı, sosial ədaləti müəyyən edir.

Ukrayna müharibəsində həyatını itirənlərin sayı 9-a çatır. Sıralarımızdan gedən insanlarla bağlı yeni qanunvercilik təşəbbüsünə ehtiyac var.

Mən bir daha da Ukrayna müharibəsinə qoşulanlara hüquqi qiymət verilməsini vacib sayıram. Xarici ölkələrdə silahlı hərbi birləşmələrin tərkibində iştirak muzdlu fəaliyyət olaraq terror əməli kimi tövsif edilirsə, biz nizami orduya və dövlətin təşkil etdiyi legioner birşləşmələrə cəlb olunan adamların ölümünə göz yummamalıyıq. Fərqi yoxdur, səngərin hansı tərəfindədir, həqiqətdə qardaş-qardaşla döyüşür. Ukrayna müharibəsində həyatını itirənlərin sayı 9-a çatır. Sıralarımızdan gedən insanlarla bağlı yeni qanunvercilik təşəbbüsünə ehtiyac var.

Əfv Komissiyasının iclaslarında çoxlu işlərə baxarkən - yeri gəlmişkən son dərəcə azad fikirli və hər bir komissiya üzvünün rəyinə, hər bir məhkum edilmiş şəxsin işinə diqqətlə yanaşıldığı bir platformada bəzən məndə belə olurdu ki, əfvə təqdim olunan şəxslər aşağı sosial təbəqənin təmsilçiləridir. Belə nəticə çıxırmı ki, imkanlı şəxslər daha az cinayət törədir, yaxud, onlar qanunsuzluq etdikdə, məsuliyyətdən yayına bilirlər. Vətən müharibəsində qələbə ədalətli hüquq sisteminə tələbi artırıb.

Amerikanın Səsi: Azərbaycan beynəlxalq mühitdə daha çox toplaşmaq hüququ, söz və mətbuat azadlığı ilə bağlı tənqidlərə məruz qalır. Bu sahədə, yəni azadlıqlar sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

Əlbəttə beynəlxalq aləmdə bizimlə bağlı formalaşan rəylər əhəmiyyət daşıyır.

Zahid Oruc: Bu yöndə beynəlxalq hesabatlara ikili münasibətimiz var. Onlardan bir qismi xarici siyasət alətləridir. Lakin ikinci hissəsində bir sıra məsələlərə münasibətdə dövlət hakimiyyət orqanları ilə yenidən dialoq mühitinə ehtiyac var ki, bu konfrantasiya ortadan qalxsın. Azərbaycanı yalnız qara rəngdə göstərmək praktikasına son qoyulsun. Amma eyni zamanda hüquq-mühafizə, istintaq, fikir azadlığı, kütləvi toplaşmaq, media azadlığı sahəsindəki problemləri də biz aradan qaldıra bilək. Bunların hamısı insanlarımız üçün gərəkdir. Biz tədbirlərimizin ikinci, üçücü, dördünücü səviyyədə, xarici aləmdə rəy alması üçün çalışmamalıyıq. Əlbəttə beynəlxalq aləmdə bizimlə bağlı formalaşan rəylər əhəmiyyət daşıyır. Mən komitə sədri kimi bundan öncəki çıxışlarımda da, parlamentdəki mövqeyimdə də bu məsələyə ayrıca yer vermişəm. Human Rights Watch, Amnesty International və digər qurumlara bizim münasibətimizə baxmayaraq fakt faktlığında qalır ki, bir sıra dövlətlər məhz onların rəyləri əsasında hərəkət etməyə çalışırlar. Biz Qarabağ davasında ərazi bütövlüyümüzü məhz beynəlxalq rəyin bizim tərəfimizdə olamsı fonunda qazandıq. Deməli bu istiqamətdə görüləcək işlərimiz var. Bu inkaredilməzdir.

Xatırlatma

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.