Accessibility links

Məhkəmə Leyla və Arif Yunusların cinayət işi üzrə icraatı dayandırdı


Leyla Yunus və Arif Yunus məhkəmə önündə (arxiv foto-mənbə VOA)
Leyla Yunus və Arif Yunus məhkəmə önündə (arxiv foto-mənbə VOA)

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus haqqında 2014-cü ildə başlanmış, yekun vurulmamış cinayət işi üzrə icraat dayandırılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə Bakı Apellyasiya Məhkəməsində 2017-ci ildə bir neçə dəfə bu iş üzrə məhkəmə iclası təyin olunsa da, Yunusların özü iştirak etmədiyinə görə yekun qərar verilmirdi. O vaxtdan da məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.

Vəkil qeyd edib ki, oktyabrın 18-də hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qəbul edilən akta əsasən, iş üzrə icraat dayandırılıb.

Məhkəmədə təqsirləndirilən şəxslərin yayınması əsası ilə icraatın dayandırılması məsələsi müzakirəyə çıxarılıb.

Vəkil Elçin Sadıqov bu əsasla icraatın dayandırılmasına etiraz edərək bildirib ki, buna əsas yoxdur.

O bildirib ki, iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığı ilə bağlı vəsatət qaldırılsa da, məhkəmə təmin etməyib.

"Hesab edirəm ki, təqsirləndirilən şəxslər elektron yolla da ifadə verə bilərdilər" - deyə, vəkil qeyd edib.

Bundan əlavə vəkil, Leyla Yunus və həyat yoldaşının beynəlxalq axtarışa verilməsini də istisna olunmadığını deyib.

Leyla və Arif Yunuslardan bu qərarla bağlı hələlik şərh almaq mümkün olmayıb.

Yunuslar 2014-cü ildə bir jurnalistə açılmış cinayət işi çərçivəsində Azərbaycandan xaricə gedərkən hava limanında saxlanılıblar. Onların ofislərində və mənzillərində axtarış aparılıb. Bu sırada səhhətində yaranmış problemlərə görə Arif Yunus xəstəxanaya aparılıb. Yunuslar bu olayın qanunsuzluğundan məhkəməyə müraciət ediblər. Daxili məhkəmələr onların bütün şikayətlərini rədd edib" - deyə, məlumatda deyilir.

Leyla Yunus əmlakı müsadirə olunmaqla 8,6 il, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Arif Yunus 2015-ci ilin noyabrın 12-də səhhətinin ağır olması səbəb kimi göstərilərək məhkəmə zalından azadlığa buraxılıb.

Həmin il dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılması barədə qərar qəbul edib. Yunuslar qeyd edir ki, onlara qarşı həyata keçirilmiş tədbirlərin gerçək əsas məqsədi onların aktiv fəaliyyətlərinə, hökuməti tənqid etmələrinə görə cəzalandırmaq məqsədi daşıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci ilin iyulun 16-da Leyla və Arif Yunusların şikayətləri üzrə qərarını elan edib.

Məhkəmə bu şikayət üzrə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Avropa Məhkəməsi hesab edir ki, Yunuslara münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 18-ci, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələri pozulub.

Məhkəmənin qərarına əsasən Yunusovların hər biri üçün 20.000 avro (EUR), maddi ziyan, xərclər və xərclərlə əlaqədar olaraq onlara 11 438 avro müəyyən edilib. Avropa Məhkəməsi bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.

Avropa Şurası Nazirlər Komitəsi qətnamə çıxararaq Azərbaycan hökumətinin bu şəxslərlə bağlı işlərə Avropa Məhkəməsinin qərarları əsasında yenidən baxılmasını istəyib.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və ya insan haqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə təqib olunmadığını, həbs olunanların konkret cinayət əməlinə görə cəzalandırıldığını iddia edir.

XS
SM
MD
LG