Oktyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Ramil Qaraqurbanlının sədrliyi ilə Almaniyadan deportasiya olunduqdan sonra həbsə məhkum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Pünhan Kərimlinin həbs müddətinin bir il azaldılması barədə qərar verib. Beləliklə Kərimlinin həbs müddəti 5 ilə endirilib.
Bu barədə Kərimlinin atası Vahid Kərimov Amerikanın Səsinə deyib.
Kərimov oğlunun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə razılaşmadığını və kassasiya şikayəti verəcəyini bildirib.
Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən AXCP fəalı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Kərimli ittihamı qəbul etmir və özünü təqsirli bilmir.
Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.