Azərbaycan 77, Ermənistan 135 hərbçisinin həlak olduğunu bildirib

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma zamanı həlak olan daha 6 hərbçisinin adını dərc edib. Bununla Azərbaycan Ordusunun həlak olan hərbçilərinin saylı 77 nəfərə çatıb.

Sentyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında həlak olan erməni hərbçilərinin sayının 135 nəfərə çatdığını deyib. Onun sözlərinə görə, bu son rəqəm deyil, çünki çoxsaylı yaralılar var.

Bundan öncə, sentyabrın 13-də Azərbaycan tərəfi yüzədək erməni hərbçisinin cəsədini birtərəfli qaydada Ermənistana təhvil verməyə hazır olduğunu bildirib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

Sentyabrın 15-də hərbi əməliyyatlar dayandırılıb və atəşkəs elan edilib.

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.