Azərbaycan və Ermənistan bir-birini üçtərəfli bəyanatı yerinə yetirməməkdə günahlandırır

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri avqustun 3-də Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən döyüşlərdən sonra bəyanatla çıxış edib. Tərəflər bir-birini 10 noyabr 2020-cil tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməkdə günahlandırır.

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, avqustun 3-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını növbəti dəfə pozaraq “Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında təcavüzə başlayıb” nəticədə itki və yaralılar var.

“Ermənistan tərəfinin regionda sabitliyə və sülhə nail olmaq üçün atdığı addımlara baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ əhalisini qorxutmaq, etnik təmizləmə və Dağlıq Qarabağı sürünən işğal etmək kimi əvvəlcədən planlaşdırılmış siyasətini davam etdirir,” nazirliyin bəyanatında deyilir.

Rəsmi Yerevan beynəlxalq ictimaiyyəti "Azərbaycanın təcavüzkar davranışının və hərəkətlərinin qarşısını almağa və bunun üçün lazımi beynəlxalq mexanizmləri işə salmağa yönəlmiş tədbirlər görməyə "çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini "əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd etdiyini" bildirir:

"Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib."

Rəsmi Bakı Ermənistan rəsmilərinin Qarabağda erməni hərbi qulluqçularının mövcudluğuna dair ifadələrinə istinad edərək Yerevanı öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə azı bir Azərbaycan və iki erməni hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat üçün yaydığı bəyanatda ABŞ-ın Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmaları ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır,” bəyanatda qeyd edilir.