Accessibility links

Aİ: Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüş keçirəcək


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev gələn ay Brüsseldə görüşüb, sərhəddəki toqquşmaları, habelə diplomatiyanın inkişafını müzakirə edəcəklər. Bu barədə Avropa İttifaqı məlumat verib.

“Liderlər Brüsseldə görüşərək regional vəziyyəti və Aİ-nın da dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün gərginliklərin aradan qaldırmağın yollarını müzakirə etməyə razılaşıblar” -deyə, Avropa Şurasının prezidenti Çarls Mişel noyabrın 19-da bəyanatında bildirib.

Görüş dekabrın 15-da Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində keçiriləcək.

Görüşlə bağlı açıqlama Şarl Mişel Əliyev və Paşinyanla telefon danışığı keçirəndən sonraya təsadüf edib.

“Telefon danışığı zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin müdafiə nazirləri səviyyəsində insidentlərin qarşısının alınması mexanizmi kimi fəalliyyət göstərəcək birbaşa kommunikasiya xətti qurmağa razılaşıblar,” Avropa İttifaqı bildirib.

Bu, Ermənistan və Azərbaycan liderləri arasında 44 günlük müharibədən sonra üçüncü görüş olacaq.

Daha öncəki iki görüş Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilib.

Bu həftənin əvvəlində Azərbaycanla Ermənistan arasında toqquşma baş verib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 1 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb, 24 əsgərin taleyi məlum deyil.

Hər iki tərəf döyüşlərin başlamasına görə bir-birini günahlandırır. Tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşi dayandırıb.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG