Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmayıb


Stokholmda ATƏT-in iclası
Stokholmda ATƏT-in iclası

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda qabaqcadan elan edilən görüşü baş tutmayıb. Görüş dekabrın 3-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi ilə ATƏT-in Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutmalı idi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva görüşün baş tutmamasını "Ermənistan parlamentarlarının Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi" ilə əlaqələndirib. Rəsmi Yerevan isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşdən heç vaxt çəkinmədiyini vurğulayib.

“Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir," Abdullayeva qeyd edib.

Rəsmi Bakı bildirir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkənin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan görüşün baş tutmadığını təsdiqləyib, ancaq rəsmi Bakının ittihamını şərh etməyib.

“Vurğulamaq istəyirəm ki, Ermənistan tərəfi heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşlərdən yayınmayıb,” o, qeyd edib.

Elan edilmiş Stokholm görüşü baş tutmamışdan öncə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdikləri üçtərəfli işçi qrupunun dekabrın 1-də Moskvada keçirilən iclasında da razılaşmaları formalaşdırmaq mümkün olmayıb.

Regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu, baş verməyib.

Eyni zamanda, erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Bakı isə dekabrın 1-də Moskvada keçirilən görüşün nəticələrini şərh etməyib.

Noyabrın 26-da qəbul edilən Soçi bəyanatında deyilir ki, liderlər Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşıb.

“Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardım göstərəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG