Azərbaycanın rəsmi media qurumları Venesiya Komissiyasının “Media haqqında” qanuna rəyini qəbul etmir

Media Development Agency

Azərbaycanın rəsmi media təşkilatları Avropa Şurası “Media haqqında” qanuna verdiyi rəyi qəbul etmir.

Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) Venesiya Komissiyasının Azərbaycanın media haqqında qanununa dair rəyini tənqid edib.

Agentlik bildirir ki, qanun layihəsi KİV nümayəndələrinin və cəmiyyətin müxtəlif seqmentlərindən olan ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub.

Qanun “təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda” jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə yönəlib.

Agentlik iddia edir ki, qanun KİV-in xarici şəxslər tərəfindən təsis edilməsini və maliyyələşdirilməsini istisna etmir, lakin nizamnamə kapitalında onların iştirak payını müəyyən edir.

Həmçinin bildirilir ki, çap və onlayn KİV-in qeydiyyatı deklarativ xarakter daşıyır ki, bu da lisenziyalaşdırma proseduru ilə eyniləşdirilməməlidir.

Jurnalistlərin reyestrə daxil edilməsinə gəlincə, bu, könüllü xarakter daşıyır. Reyestrə daxil olmayan jurnalistlərə qarşı hər hansı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.

Bundan əlavə, Agentlik göstərir ki, cinayət haqda informasiyanın yayılmasına qadağa yalnız ibtidai istintaqa aiddir.

Agentlik təəssüflənir ki, bəzi KİV-lər “ictimai rəyin çaşdırılması” məqsədilə Venesiya Komissiyasının rəyini qərəzli şəkildə işıqlandırıb ki, bu da Azərbaycanda islahatlara qeyri-obyektiv münasibətdir.

Öz növbəsində, Azərbaycan Audiovizual Şurası öz şərhlərində qeyd edir ki, lisenziyalaşdırma tezliklər vasitəsilə yayıma aiddir. İnternetdən yayımlanan platformalara, həmçinin platforma operatorlarına (kabel yayımçıları da daxil olmaqla) lisenziyalar müsabiqəsiz veriləcək.

Audiovizual Şurası lisenziyaların geri alınması ilə bağlı ona geniş səlahiyyətlərin verilməsi barədə tənqidi rədd edərək qeyd edib ki, istənilən halda subyektlərin məhkəməyə şikayət etmək hüququ olacaq.

Avropa Şurasının Venesiya Komitəsinin rəyinə dair rəsmi press-relizində birmənalı olaraq vurğulanıb ki, Azərbaycanda media haqqında qanunun bir çox müddəaları ifadə və media azadlığı üzrə Avropa standartlarına uyğun deyil və buna görə də qanun hazırkı formada tətbiq olunmamalıdır.