Accessibility links

Norveç Helsinki Komitəsi Media haqqında qanunun təsdiqindən narahatdır


Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

"Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşmək üzrədir, çünki prezident Əliyev tərəfindən yeni media qanun layihəsi imzalanıb”.

Bu barədə Norveç Helsinki Komitəsinin fevralın 10-da verdiyi məlumatda deyilir.

NHC qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidi medianın tez-tez senzuraya və zorla bağlanmasına, jurnalistlərin və sosial media fəallarının sistematik təqiblərə, cəzalara və həbslərə məruz qaldığını uzun müddət sənədləşdirib.

Təşkilat xatırladıb ki, Sərhədsiz Reportyorlar Təşkilatının hazırladığı Dünya Mətbuat Azadlığı İndeksinin ən son hesabatında Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Postsovet məkanında yalnız Türkmənistan aşağı yerdə qərarlaşıb.

Norveç Helsinki Komitəsi
Norveç Helsinki Komitəsi

“Qanunun bir çox müddəaları hökumətə hesabatlara ciddi məhdudiyyətlər qoymağa imkan verir və media orqanlarının hökuməti tənqid etməsinin qarşısını almaq üçün istifadə olunacaq. Narahatlıqlar arasında xüsusi meyarlara cavab verməli olan jurnalistlərin vahid reyestrinin yaradılması, o cümlədən reyestrə daxil edilmək üçün cinayət keçmişinin olmaması da var. Ölkənin illər boyu jurnalistlərin saxta ittihamlarla həbs edilməsinin uzun yolunu nəzərə alsaq, bu xüsusi ilkin şərt xeyli sayda müstəqil reportyoru aradan qaldıracaq və senzuranı qanuniləşdirəcək. Qanun layihəsinə əsasən, səlahiyyətlilərdən aldadıcı hesab edilən media orqanlarının bağlanması üçün məhkəmə dəstəyi tələb olunmayacaq”- deyə, sənəddə qeyd edilib.

Təşkilat hesab edir ki, bu qaydalar media azadlığını sıxışdırmaq və medianı əngəlləmək istəyən qeyri-demokratik hökumətin əlamətidir.

“Azad sözə dəyər verən Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir.”

Xatırlatma

Prezident İlham Əliyev 2021-ci il dekabrın 30-da “Media haqqında” qanunu imzalayıb. Prezidentin imzaladığı qanunun mətni və qanunun tətbiqi ilə bağlı fərman fevralın 8-də rəsmi mətbuatda dərc edilib.

Prezident fərmanına əsasə Nazirlər Kabineti iki ay müddətində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayacaq. Milli Televiziya və Radio Şurasının səlahiyyətləri Audiovizual Şuraya keçəcək.

İlham Əliyev
İlham Əliyev

Nazirlər Kabineti, həmçinin “Media haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Prezidentə təqdim edəcək.

Nazirlər Kabineti üç ay müddətində Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayacaq. Həmçinin jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Fərmana görə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Xarici jurnalistlər Xarici İşlər Nazirliyi tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.

Ötən il Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Milli Məclis
Milli Məclis

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Müstəqil media ekspertləri narahatdır

Media ekspertləri, bir çox jurnalist, beynəlxalq qurumlar qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçirilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Rəsmi Bakı tənqidləri qəbul etmir

Azərbaycan Media İnkişaf Agentliyi “Media haqqında” yeni qanunla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verilməyib.

Lakin Azərbaycan Media İnkişaf Agentliyinin müdiri Natiq Məmmədli özünün facebook səhifəsində “MEDİA QANUNU”: HƏDƏFLƏRİMİZ NƏDİR VƏ NƏYƏ NAİL OLMAQ İSTƏYİRİK? status paylaşıb.

Şöbə müdiri bunları deyib:

Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;

- Milli informasiya resurslarımızın güclənməsinə;

- Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;

- Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;

- Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;

- Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;

- Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;

- Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə.

“Media Qanunu” ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verdi.

Bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir.

Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır.

Amma unutmayaq, “Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır.

XS
SM
MD
LG