Accessibility links

AŞPA məruzəçisi “Media haqqında” qanunun ekspertizası üçün Venesiya Komissiyasına müraciət edəcək


Stefan Şennak
Stefan Şennak

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak Azərbaycanda “Media haqqında” qanunun monitorinqi xahişi ilə Venesiya Komissiyasına müraciət etmək niyyətindədir.

Bu barədə məruzəçi Turan agentliyinin sorğusuna cavabda bildirib.

"Biz Venesiya Komissiyasından Qanunun ekspertizasını aparmağı və bu qanunu imzalamamağa çağırmaqla bağlı Azərbaycan prezidentinə müraciət etməyi xahiş edəcəyik," o qeyd edib.

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Media ekspertləri, bir çox jurnalistlər qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçirilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.

Azərbaycanın bir qrup jurnalisti prezident İlham Əliyevi qanunu imzalamamağa çaırıb. Jurnalistlər hesab edir ki, sənədin məzmunu media qanunları standartlarına uyğun gəlmir, mətni mücərrəddir, anlayışları dolaşıqdır və jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir.

“O, kimin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil,” müraciətdə qeyd edilir.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç də yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Bununla yanaşı, Milli Məclisin deputatı, iqtidarda olan “Yeni Azərbaycan” Pariyasının üzvü Aydın Mirzəzadə Amerikanın Səsinə deyib ki, “Media haqqında” yeni qanun layihəsi geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.

“Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir,” o qeyd edib.

Mirzəzadə deyib ki, qanunun əleyhinə olanlar Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

“Bir tərəfdən qanunun mürtəce olduğunu deyirlərsə, digər tərəfdən açıq şəkildə cəmiyyətdə öz fikirlərini yaya bilirlər. Yəni, onların dedikləri ilə, onların fəaliyyəti ziddiyyət təşkil edir. Əgər qanun mürtəcedirsə, onlar necə fəaliyyət göstərə bilirlər? Nə cür açıq fikir bildirə bilirlər? Yox, açıq fikir bildirə bilirlərsə qanunu necə mürtəce adlandıra bilirilər?” Mirzəzadə Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG