Azərbaycanda matəm günüdür. Havanın şaxtalı, sulu qarın və güclü yağışın olmasına baxmayaraq, səhər tezdən minlərlə insan 1990-cı il yanvarın 20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gəlib. Mərasimdə dövlət başçısı İlham Əliyev, Milli Məclisin deputatları, hökumət üzvləri, diplomatik korpusların rəhbərləri və digər rəsmi şəxslər də iştirak edib. Azərbaycan müxalifəti isə günorta saatlarında Şəhidlər Xiyabanını ziyarət edib.
Matəm günü münasibəti ilə ölkə ərazisində dövlət bayraqları endirilib, məscidlərdə “qara yanvar” qurbanlarının xatirəsi anılıb, teleradioların efirində əyləncəli verilişlər yoxdur. Bakı metropolitenində matəm musiqisi çalınır, stansiyalarda və eskalatorlarda qırmızı qərənfillər düzülüb.
Yerli vaxtla saat 12-də ölkə ərazisində bir dəqiqəlik hərəkət dayandırılıb, gəmilər, qatarlar fit çalıb.
22 il əvvəl sovet ordu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi. Bu vəhşi əməliyyat keçmiş SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanaraq həyata keçirilib və “Zərbə” adlanıb. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.
Bakının işğalı nəticəsində 137 nəfər öldürülüb, 700-dək yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib. Qeyd edək ki, bu il rəsmi təbliğatda faciənin əsas günahkarları kimi keçmiş SSSR-nin rəhbərləri, prezident Mixail Qorbaçovun adı çəkilir. Eyni zamanda, respublikanın o zamankı rəhbərliyinin ünvanına tənqidlər azalıb. Əgər əvvəlki illərdə faciənin əsas günahkarlarından biri kimi o vaxtlar Nazirlər Sovetinin sədri postunu tutan və faciədən sonra respublikada birinci şəxs olan Ayaz Mütəllibov göstərilirdisə, hazırda bu barədə danışılmır.
Moskvada yaşayan Mütəllibov faciənin 22-ci ildönümü ərəfəsində yanvar hadisələrinə görə məsuliyyəti o zamankı SSRİ rəhbərliyinin üzərinə qoyub. Amma, keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.
1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma). Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşüb.
Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yayıb ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və işi bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.
Azərbaycanın müxalifət nümayəndələri vaxtaşırı bəyan edirlər ki, yanvar faciəsində günahkar olanlar indi də hakimiyyətdədir. Əsasən qeyd olunur ki, qoşunların gətirilməsi xahişilə Moskvaya göndərilən teleqramları o zaman baş nazirin müavini və indiki baş nazir Artur Rasizadə imzalayıb.
1990-cı il yanvarın 20-də keçmiş Sovet Ordusu Bakıda 137 nəfər öldürüb, 700-dək yaralayıb, 800-dən çox adam həbs edilib.