Accessibility links

Çingiz Göytürk: 20 Yanvardan sonra səslənən şüarlar Təbrizin Bakıya münasibətinin göstəricisidir


Çingiz Göytürk: 20 Yanvardan sonra səslənən şüarlar Təbrizin Bakıya münasibətinin göstəricisidir
Çingiz Göytürk: 20 Yanvardan sonra səslənən şüarlar Təbrizin Bakıya münasibətinin göstəricisidir

20 Yanvar hadisələri Təbrizdə necə qarşılanıb, Göy məsciddə 30 minlik yas mərasimi, Azərbaycan milli hərəkatı, İranın Azərbaycana münasibəti necədir? Bu sullar Harayın bugünki proqramında cavablandırılıb.

Haray proqramının qonağı hazırda Finlandiyada yaşayan Təbrizdən olan azərbaycanlı Çingiz Göytürkdür. O, Təbriz radiosunun xarici verilişlər studiyasının əməkdaşı olub və hazırda Azərbaycan Azadlıq Təşkilatının mətbuat katibidir. Cənab Göytürk 20 Yanvar hadisələrinin İrana təsirlərindən danışıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet imperiyasının qoşunları Azərbaycanda milli azadlıq hərəkatına divan tutmaq məqsədi ilə Bakıya daxil olub. Sovet qoşunlarının təcavüzü nəticəsində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib.

Sual: 20 Yanvar hadisələri İranda necə qarşılandı? Siz o zamanlar İranda yaşayırdınız.

Cavab: Mən o dönəmdə İranda olmamışam, Təbrizdə, Güney Azərbaycanda olmuşam. Radioda işlədiyim üçün işğalçı qüvvələrin Bakıda qırğın törətməsindən yanvarın 20-də xəbər tutdum.

Yanvar hadisələrindən öncə də Quzey Azərbaycanda baş verənlər barədə Güney Azərbaycanda yaşayanlar, xüsusi ilə az sayda olan milli fəallar arasında bir həyəcan var idi. Ancaq, 20 Yanvar hadisələri bu həyəcanı daha yüksək zirvələrə ucaltdı.

Mən bir gənc olaraq 20 Yanvar hadisələri barədə xəbəri eşidən kimi rəhmətlik doktor Zehtabiyə zəng etdim. Sonra, hazırda Güney Azərbaycanda yaşayan milli hərəkatın qənaət öncüllərindən olan dostlarımızla birgə Təbrizdə yas mərasimi keçirmək qərarına gəldik. Çox böyük enerji sərf etdikdən sonra 1990-cı il yanvarın 26-da Güney Azərbaycanın ən böyük məscidi olan Təbrizin Cümə məscidində yas mərasimi keçirmək razılığı aldıq. Bunun üçün hazırlıq işləri apardıq, elanlar yaydıq.

Yanvarın 26-da yas mərasimi başlanan kimi, bir anda Cümə məscidinə 30 mindən çox insan axışdı. Toplantı boyu məsciddə və ətrafdakı insanlar bir ağızdan, “Azərbaycan oyaqdır, Qarabağa dayaqdır!” şüarı səsləndirdi. Bu şüar Azərbaycanın qüneyinin quzeyinin taleyinə birbaşa münasibəti idi.

Sual: İran mətbuatı 20 Yanvar qırğınını necə işıqlandırmışdı?

Cavab: O dövrdə İranda müstəqil media qurumu olması mümkün deyildi. Elə, indi də elədir. Yadımdadır, o zaman dəyərli şairimiz Yəhya Şeydanın bir az azad yazısı dərc edilmişdi. Bunun müqabilində Yəhya Şeydaya nə dərəcədə ağır təzyiqlər edildiyini gözlərimlə gördüm.

Dolayısı ilə, medianın bu təbliğatda hər hansı rolu yox idi. Bizim təbliğat imkanlarımız qapı-qapı gəzib insanlara məlumat vermək və elanlar yapışdırmaq idi. Bunda sonra isə Təbriz radiosunda mənə qarşı təzyiqlər başlandı və nəhayət işdən azad edildim.

İran rejimi hər zaman Azərbaycan adlı varlığın, siyasi gerçəkliyin ortaya gəlməsindən narahatlıq duyub və Azərbaycan Respublikasının reallıqlarını daim cəmiyyətindən gizlətməyə çalışıb. Təbrizdəki ictimai reaksiyalar isə qan yaddaşı oyanmış çəmiyyətin özü idi. Güney 180 illik ayrılığa baxmayaraq bilirdi ki, o taydakı azərbaycanlılar canbir, qanbir qardaşları, bacılarıdır. 1989-cu ilin dekabrında sərhəd açılanda da bunun şahidi olduq. 1990-cı il yanvarın 26-da Bakıdakı 20 Yanvar qırğını ilə bağlı Təbrizdə keçirilən yas mərasimində isə 30 min insan birdən hayqırırdı: “Azərbaycan oyaqdır, Qarabağa dayaqdır!”

20 Yanvar hadisələrindən sonra Güney Azərbaycanda Quzey Azərbaycanı müdafiə edən onlarla aksiya keçirilib.

Sual: O zaman İranın dini rəhbəri və Təbrizin imam cüməsi 20 Yanvar hadisələrinə münasibət bildirmişdi. Bu bəyanatlar Təbrizdə necə qarşılandı?

Cavab: O dönəmdə Təbrizin imam cüməsi Müslüm Mələkkuti idi. Onun şəxsi çevrələrdə bir münasibəti var idi. Daha sonra fərqli məsələlərdə mövqeyini ortaya qoydu. Amma, o dönəmdə İran hakimiyyəti bütün mümkün vasitələrlə Azərbaycan məsələsinin qarşısını alırdı. Heç unutmaram, 26 yanvarda keçirdiyimiz yas mərasiminə Naxçıvandan 26 nəfərlik nümayəndə heyəti gəlmişdi. Onlara Sərdar Cəlaloğlu başçılıq edirdi. Sərdar Cəlaloğlu yas mərasimində çıxış etdi. Amma onların cəmiyyətlə görüşünə hakimiyyət imkan vermədi. Daha sonra, çox çətinliklə Təbrizin yazıçı və şairlərini toplayıb onlarla yarım saatlıq görüş təşkil edə bildik.

Sual: 20 Yanvardan öncə Azərbaycan-İran sərhəddinin bir hissəsində sərhəd dirəkləri yıxılmışdı. Bu ərazidən çoxsaylı azərbaycanlılar və siz də, Azərbaycan Respublikasına keçdiniz. Orada nə gördünüz?

Cavab: Millətimizin bölünmüş hissəsini görmək hər bir azərbaycanlının böyük arzusu idi. Yüz səksən il bu həsrətlə böyümüşük. Bizlər o həsrət şerləri, həsrət ədəbiyyatı ilə böyümüşdük. Azərbaycanın quzeyində milli şüurun nə dərəcədə yüksək olduğunu gördüm. Bu mənim üçün dünyalar idi. Təbii ki, müstəqilliyini yenicə qazanmış quzeyin problemləri də var idi. Ancaq mənim üçün ən önəmlisi, Azərbaycanın quzeyinin bütöv millət olduğunu unutmaması, Azərbaycanın güneyini öz vətəni hesab etməsi və düşüncəsində güneyin də azadlığa qovuşmasını ümumi mübarizəsinin tərkib hissəsi kimi görməsi idi. Yəni, milli mübarizəsinin tamamlanmasını yalnız Bakının deyil, məhz Təbrizin də azadlığında görür. Bu mənim üçün ən önəmli idi və Azərbaycanın quzeyinə keçdikdən sonra hərəkatın lideri Əbülfəz Elçibəyin yanında qalmağımın həyatımda xüsusi rolu olub.

Sual: Siz Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin yaxın silahdaşı olubsunuz. Səttarxan hərəkatı, 21 Azər Hərəkatı, 20 Yanvar hadisələri kimi elə hadisələr var ki, milləti ümumi ideyalar ətrafında birləşdirir. 20 Yanvar hadisələri Təbrizdə yaşayan azərbaycanlıların mədəni hüquqları uğrunda mübarizəsinə hansı təsirləri buraxıb?

Cavab: 1989-cu ildə Azərbaycanın güneyində milli mübarizəni düşünən barmaq sayda insanlar idik. 1990-cı il yanvarın 26-da 30 min insan birdən “Azərbaycan oyaqdır, Qarabağa dayaqdır!” deyəndə gördüm ki, biz millət olaraq parçalandığımız gündən birlik uğrunda mübarizəyə qalxmışıq və bu mübarizdə Azərbaycanın quzeyi ilə güneyi paralel inkişafda olub. Azərbaycanın güneyində cərəyan edən hadisələr quzeydə cərəyan edən hadisələrə təsir edib, quzeyində baş verənlər isə birbaşa güneyə təsir göstərib. 31 dekabr - sərhədlərin sökülməsi, 20 Yanvar və Qarabğ problemi Azərbaycanın güneyində milli hərəkatın indiki mübariz səviyyəsinə qalxmasına xidmət edən hadisələrdir. 20 Yanvardan sonra güneydəki milli hərəkatçılar dövlətin icazəsi olmadan Təbriz universitetindən başlayaraq Təbriz bazarında başa çatan, 1992-ci ildə Kəlbəcərin işğalı zamanı yenə də, dövlətin icazəsi olmadan Tehran universitetindən başlayaraq Ermənistan səfirliyinin qarşısında başa çatan yürüşlər keçirib. Bu yürüşlərin hamısında Qarabağ məsələsi, quzeydə və güneydəki problemlər qabarıqlığı ilə irəli sürülür.

XS
SM
MD
LG