Accessibility links

Azərbaycanda 20 Yanvar-matəm günüdür


Azərbaycanda 20 Yanvar-matəm günü qeyd edilir. Ölkədə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yüz minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib. Ziyarətçilər arasında prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, hökumət üzvləri, deputatlar, diplomatik nümayəndəliklərin rəhbərləri də olub.

19-il öncə 1990-cı il yanvarın 20-də keçmiş Sovet ordusu Bakıda dinc insanlara qarşı qırğın həyata keçirib. 137 mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Yeri gəlmişkən qeyd edim ki, 20 yanvardan başlanan şəhidlik zirvəsi bu gün də davam edir. Çünki Ermənistan-Azərbaycan cəbhəsində son azərbaycanlı şəhid iki gün öncə güllyə tuş gəlib.

Təbii ki, nə 20 yanvar faciəsinin, nə də Qarabağ müharibəsinin dəhşətlərinin göz yaşları hələ qurumayıb. Digər tərəfdən isə Azərbaycan xalqı dünyada böyük tarixi dönüş nöqtəsi olan bu hadisələrdən qürur duyur. 20 Yanvar həm də Sovet imperiyasının süqutu, Azərbaycanın müstəqilliyinin bərpası və demokratik dünyaya qovuşmasının başlanğıcıdır. Tarixçi alim Cəmil Həsənli hesab edir ki, 20 yanvar nəinki Azərbaycanın, həm də dünya xalqlarının Azərbaycanla fəxr etməli tarixdir.

20 Yanvar həm də dünyada yaşayan bütün azərbaycanlıların qürur nöqtəsidir. Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlının dediyinə görə, çoxsaylı ölkələrdə diaspor təşkilatları anım mərasimləri təşkil edib.

İranda yaşayan azərbaycanlılar isə şəhidləri məhz Bakıda ziyarət etməklə xatırlayır. Matəm günü Təbrizdə də yad edilir.

Şəhid ailələri hökumətin və xalqın qayğısından da razıdır.


XS
SM
MD
LG