Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fərid İsmayılovla görüşüb.
Sadıqova jurnalistlə görüşdən sonra Amerikanın Səsinə bildirib ki, İsmayılovun saxlanma şəraitindən şikayəti yoxdur.
Yanvarın 17-də Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında jurnalist Fərid İsmayılov barəsində polisin nəzarətinə verilmə tədbirini dəyişərək 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. 2024-cü il martın 6-dan istintaq orqanı Fərid İsmayılov barəsində polisin nəzarətinə verilmə imkan tədbiri seçmişdi.
“Fərid İsmayılov bildirdi ki, barəsində həbs qətimkan tədbiri seçilməsinin səbəbi istintaq dövründə jurnalist fəaliyyəti ilə məşğul olmasıdır. Məhkəmədə prokurorluq belə bir iddia irəli sürmüşdü ki, İsmayılov guya iyul-avqust aylarında Azərbaycanın hansısa rayonlarına gedib və bu barədə istintaqa məlumat verməyib. Bu heç də həqiqəti əks etdirmir. Birincisi, Fərid onların dediyi rayonlarda olmayıb, başqa rayonlara gedib və bu barədə istintaq orqanına məlumat verib. Əgər prokurorluq bunu bəhanə edirsə, hansı səbəbdən məhz iyul-avqust aylarında Fərid barədə həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat verməyib? İkinci də Fəridin rayonda olmasının istintaq hərəkətinin keçirilməsinə mane olması barədə hər hansı məlumat verilməyib. O istintaqdan qaçmayıb. Nə vaxt istintaqa dəvət ediblər gəlib”, o qeyd edib.
Fərid vəkilə bildirib ki, onu həbs edəndə deyiblər ki, “dinc dayanmadın, sakit durmadın, xəbərdarlıq etdik, yenə sakit durmadın”.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.
"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (o zaman polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunub.
2025-ci il yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Forum