Noyabrın 19-da həbsdə olan “Abzas Media” jurnalistlərinin valideynləri mətbuat konfransı keçiriblər.
“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova qeyd edib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər təzyiqlərə məruz qalır. O, görüş zamanı qızının qolunda hematoma gördüyünü, oxşar xəsarətin jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın da qolunda olduğunu bildirib. Anasının sözlərinə görə, Sevinc Vaqifqızı və digər jurnalistlər həbsxanada baş verən problemləri işıqlandırdıqlarına, etiraz etdiklərinə görə təzyiqlə üzləşirlər.
“Orada 30 ilin soyuducuları var, insanlar yeməklərini yığa bilmirlər, soyutmur, xarab edir. Sevinc də deyib ki, bura ayrılan pullar hara gedir ki, soyuducuları yeniləmirsiz? Bundan sonra gətirib 2 yeni soyuducu qoyublar. Orada yaşlı bir qadın var, Sevincə deyir ki, sən gələndən sonra bura xeyli düzəlib. Bu cür etirazlar Elnur İsmayılovun xoşuna gəlmir” - deyə, Ofelya Məhərrəmova qeyd edib.
Anasının məlumatına görə, Sevinc Vaqifqızı onlara qarşı təzyiqlərin davam edəcəyi halda aclıq aksiyasına başlayacaqlarını bildiriblər:
“Sevinc dedi ki, əgər mən aclığa başlasam, hamı mənə qoşulacaq, aclığa başlayacaq. Həbsxanada çox problemlər var. Məhbuslara verilən su içməyə yararsızdır. Ona görə də özümüzlə filtirlənmiş su aparırıq. Yeməyi də özümüz aparırıq. Sevinc deyir ki, elə qadınlar var, heç kimi yoxdur. Onlar məcburən həbsxananın yeməyini yeyirlər. Deyir, 15 nəfərə 4 tikə ət gətirirlər. Həftədə 1 dəfə isti su verilir, o da 1 saat. 15 məhbus o 1 saat ərzində yuyunmalıdır. Elnur İsmayılov qəsdən belə edir ki, məhbuslar arasında intriqa yaransın, yemək, çimmək üstündə dalaşsınlar”, o bildirib.
Ötən il noyabrın 30-da həbs edilən jurnalist Nərgiz Absalamovanın anası Sevda Absalamova qızının təhlükəsizliyindən narahat olduğunu deyib.
“Şəxsən mənim yanımda Elnur İsmaylov nəzarətçilərə tapşırdı ki, qadın məhbusların heç birinə açıq görüş verilməsin. Ancaq 2 saylı yerdə danışdırırlar, yanımızda dayanırlar. Onun kamera yoldaşlarına görüş verməməklə onları Nərgizə qarşı qaldırırlar”, o bildirib.
Hüquq müdafiəçisi Rüfət Səfərov isə bildirib ki, son 1 ildə “Abzas Media” jurnalistlərinə qarşı həbsxanada müxtəlif formalarda təzyiqlər baş verir.
“Hakimiyyət jurnalistlərdən qisas alır, lakin buna baxmayaraq, “Abzas Media” əməkdaşları həbsdə belə öz işlərini davam etdirir, oradakı problemləri ictimailəşdirirlər” - deyə, Səfərov əlavə edib.
Mətbuat konfransında deyilənlərlə bağlı aiddiyyatı qurumlar hələlik açıqlama verməyib.
Noyabrın 17-də "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) ailə üzvlərinə istinadən yayılan məlumatda deyilir ki, həbsxanada saxlanılan jurnalistlər zorakılığa məruz qalıblar. Noyabrın 16-da jurnalistlə görüşən ailə üzvləri onun qolunda zorakılıq izlərinin olduğunu bildirirlər.
"Ələ yaxın, iç bilək hissəsində yumurta boyda göyərmə izi var. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin formada zədə Elnarədə də var. Hadisə noyabrın 14-də gecə saatlarında baş verib. Nərgiz öz kamerasındakı qapıda yerləşən nəfəsliyə yaxın dayanıbmış, nəzarətçi onun bu hərəkətinin qanunsuz olduğunu, qapıya yaxın durmamalı olduğunu bildirib. Nərgiz nəzarətçinin bu tələbinə cavabında deyib ki, " burada qanunsuz nə var ki?" və nəticədə mübahisə yaranıb. Nəzarətçi Nərgizə ləçər və həyasız deyərək onu təhqir edib", ailə üzvləri bildiriblər.
Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib. Vəkil görüş üçün lazım olan sənədi də təqdim edib. Təcridxana rəhbərliyi görüşə icazə verməyib. Bunu kamerada sayım getməsilə əlaqələndiriblər.
Penitensiar Xidmət və 1 saylı Bakı İstintaq Təcridxanası bu məlumatla bağlı hələ şərh verməyib.
"Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə yazandan sonra Elnur İsmayılov tərəfindən sistematik şəkildə qeyri-insani rəftara məruz qalır". Bu barədə "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva oktyabrın 4-də məlumat yayıb.
Quliyevanın sözlərinə görə, onun saxlanıldığı kameranın qapısındakı nəfəslik yayın isti günlərinə baxmayaq işgəncə məqsədi ilə bağlı saxlanılırdı.
Rübabə Quliyeva həyat yoldaşına qarşı təzyiqin bununla bitmədiyini deyib.
"7 sentyabr tarixində Ülvi məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istəyəndə Nail adlı "konvoy" (Penitensiar xidmətin əməkdaşı) tərəfindən Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub", o bildirib.
Avqustun 21-də isə Rübabə Quliyeva sosial şəbəkələrdə Ülvi Həsənlinin həyatına təhlükə olduğu barədə məlumat yayıb. Onun sözlərinə görə, avqustun 21-də Həsənli ilə növbəti telefon danışığında o bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir.
“Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib. Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar", o bildirib.
Həmin dövrdə Penitensiar Xidmət iddianı təkzib edib.
İyulun 31-də Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən "Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki barmaqlıqlardan asırlar" adlı məqaləsidərc olunub. Məqalədə Həsənli son altı ayda qeydə aldığı işgəncə faktlarını təsvir etdiyini bildirir.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir. "İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Forum