Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, bu gün prosesdə vəkillər və məhkəmədə təqsirləndirilən jurnalistlər məhkəmə zalına yetərincə insanların buraxılmamasına etiraz ediblər və bununla bağlı vəsatət veriblər.
Hakim bu məsələyə növbəti məhkəmə prosesində baxılacağını bildirib.
Məhkəmə saytın direktoru Ülvi Həsənlinin sərbəst ifadəsi ilə davam edib.
O qeyd edib ki, ibtidai istintaqda ifadə verməyib, yalnız məhkəmədə ifadəsini səsləndirəcək. Həsənli ona qarşı irəli sürülən ittihamları rədd edib.
Saytın direktoru bildirib ki, "Abzas Media" hakimiyyətin ən yüksək eşelonlarında baş verən korrupsiya faktlarını araşdırmaqla yanaşı, cəmiyyətin problemlərini, vətəndaşların hüquqlarının pozulmasını işıqlandırır. Həsənli bunun hakimiyyətin qəzəbinə səbəb olduğunu deyib.
"Jurnalistika prinsiplərinə zidd olan hər şey diktaturada jurnalistika sayılır. Ona görə də hazırda biz həbsdəyik", Ülvi Həsənli ifadəsində qeyd edib.
Onun sözlərinə görə, iş materiallarında jurnalistlərin təqsirini təsdiq edən heç bir dəlil yoxdur.
Saytın direktoru ifadəsində deyib ki, o, evinin qarşısında 4 qaramaskalı şəxs tərəfindən saxlanılıb və saxlanılarkən zorakılığa məruz qalıb.
"Həmin şəxslər mənə Qarabağla bağlı etdiyimiz araşdırmaları niyə elədiyimizi, dövlətə qarşı çıxdığımızı qeyd elədi. Ofisdən guya götürülmüş pulu isə ora Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməliyyatçıları qoyub. İstintaq zamanı müdafiə tərəfi pullardakı barmaq izlərinin ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırıb, lakin rədd cavabı alıb. Həmçinin, ofisə pul qoyularkən, orada bizə məxsus kamera var idi, lakin əməliyyatçılar onu da müsadirə ediblər və görüntüləri bizə vermirlər", o deyib.
Həsənli 1 saylı Bakı İstintaq Təcridxanasında "Abzas Media işi" üzrə təqsirləndirlən jurnalistlərə qarşı qeyri-insani rəftara son qoyulması haqqında vəsatət qaldırıb. Ülvi Həsənli qeyd edib ki, vəkilləri və qohumları ilə görüşlər zamanı onlar saatlarla gözləməli olurlar.
"Buna səbəb isə bizim digər siyasi məhbuslarla, hətta bir-birimizlə qarşılaşmağımıza imkan verilməməsidir. Artıq istintaq da bitib, buna ehtiyac yoxdur. Vəkillərimizə və ailə üzvlərimizə zülm edirlər", deyə, saytın direktoru ifadəsində qeyd edib.
Hakim Rasim Sadıxov məsələ ilə bağlı vəkillərin Penitensiar Xidmətə müraciət etməsini tövsiyə edib.
Bu iş üzrə təqsirləndirilən digər araşdırmaşı jurnalist Hafiz Babalı Həsənlidən özünün "Abzas Media" ilə əlaqəsini soruşub. Həsənli Babalının mediada işləmədiyini, yalnız bir neçə dəfə onun araşdırmalarının saytda paylaşıldığını bildirib.
"Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin vəkili Cavad Cavadov müvəkkilinin həyat yoldaşına etibarnamə verməsi üçün şərait yaradılması haqqında vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib.
Məhkəmədə dövlət ittihamçısı məhkəmə istintaqı zamanı Ülvi Həsənliyə xaricdə əmlaklarının olub-olmaması, "Abzas Media"nın haradan maliyyələşməsi, hansı banklarda hesablarının olmasını, saytın hansı ildə yaradılması barədə suallar ünvanlayıb. Həsənli isə sualları cavablandırmaqdan imtina edib, cavabında isə Dubayda mülklərinin olduğunu deyib.
"Bəli, mənim Dubayda 44 milyon dollarlıq mülküm var. Ofşorda şirkətlərim var" - deyə, Həsənli Prezident İlham Əliyevin jurnalist araşdırmaları nəticəsində ortaya çıxdığı iddia olunan mülklərinə işarə edib.
Daha sonra Ülvi Həsənli BŞBPİ-də ondan ona məxsus telefon və kompüterinin şifrələrinin fiziki zorakılıqla alınmağa çalışıldığını qeyd edib. Həsənli bildirib ki, o, şifrələri verməyib, onun cihazları hətta Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən də kiberhücuma məruz qalıb. Onun sözlərinə görə, istintaq zamanı müstəntiq Samir İsmayılov tərəfindən şifrələrin verilməsinə dair təhdid olunub. Lakin Həsənli şifrələrini təqdim etməkdən imtina edib.
Prosesdə "Abzas Media" saytının direktor müavini Məhəmməd Kekalovun vəkili Ülvi Həsənliyə sual verib.
O, sualına cavabında bildirib ki, Kekalov ona dost olaraq tərcümə və sənəd işlərində köməklik edib.
"Abzas Media işi" üzrə həbs edilən Nərgiz Absalamova məhkəmə prosesi başlamazdan əvvəl gözləmə yerlərinin soyuq olduğunu və saatlarla burada gözlədiyinə görə soyuqladığını deyib.
"Saxlanılma yeri "boks” adlanan yer çox soyuqdur. Həm soyuq, həm natəmiz, həm də siqaret qoxusu gəlir. Məhkəməyə çıxarılmamışdan əvvəl bir neçə saat həmin yerdə qalıram və soyuq olduğu üçün də hər məhkəmədən sonra xəstələnirəm", o deyib.
Məhkəmə yekunlaşdığı üçün hakim vəsatəti baxılmamış saxlayıb.
Növbəti məhkəmə prosesi fevralın 11-nə təyin edilib.
“Abzas Media” işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Forum