Narkotik ittihamı ilə həbs olunan bloger Rəşad Ramazanov saxlanma şəraitindən narazıdır.
Turan Agentliyinin məlumatına görə, o saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb.
"Burada antisanitariya hökm sürür, tualetlər çatışmır... Yer çatışmazlığı səbəbindən məhbuslar növbə ilə yatır. Bəziləri yerdə yatır", Ramazanov iddia edib.
Bloger qeyd edib ki, yemək üçün cəmi 30 dəqiqə vaxt ayrılır və bəzi insanların yemək yeməyə vaxtı qalmır.
Ramazanov məhkumlara verilən yeməyin keyfiyyətsizliyindən danışıb və məhbuslara evdən gətirilən yeməklərə məhdudiyyətlər qoyulduğunu bildirib.
O, həbsxana kafe və mağazasında qiymətlərin baha olmasından da şikayətlənib.
Ramazanov onu da qeyd edib ki, onun şikayətlərini ictimailəşdirməmək üçün yaxınlarına təzyiqlər olunur.
Ötən ilin noyabrında “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova saxlanıldıqları təcridxanadan ictimaiyyətə məktub ünvanlayıb. Məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən “pozuntu halları və həbs edilmiş şəxslərin saxlanıldığı ağır şərait”dən bəhs edilir.
Jurnalistlər yazır ki, Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı ilə ehtiyacları dövlət qarşılamalıdır
Blogerin bu iddialarına hələlik Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidməti və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb .
Amma buna qədər Penitensiar Xidmətin məsul şəxsləri oxşar şikayətlərin heç bir əsasının olmadığını, məhbuslarla qanun çərçivəsində davranıldığını bildiriblər.
Rəşad Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə həbs qətimkan tədbiri seçilib. O ötən ilin fevralında 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Ramazanov sosial şəbəkələrdə kəskin tənqidi çıxışları ilə tanınır.
O, 2013-cü ilin mayında da həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.
Yerli hüquq-müdafiə təşkilatları bildirir ki, blogerin həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıb.
Forum