"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından məktub göndərib. Onun sözlərinə görə, qadın məhbuslar təcridxanada fiziki və psixoloji zorakılığa, qeyri-insani rəftara məruz qalırlar:
"Azərbaycan rəsmiləri təmiz hava almaq üçün COP29-da ekoloji problemlərin həllindən danışarkən, Bakı İstintaq Təcridxanasında saxlanılan qadınların yeganə nəfəsliyi bağlanılıb. 14 noyabr saat 18:00-da nəzarətçi gəzinti yerinin qapısını bağlayarkən adəti üzrə otağın qapısının nəfəsliyini açmadı. Bildirdi ki, rəisin göstərişidir, bundan sonra nəfəsliklər bağlı qalacaq".
Jurnalist məktubunda qeyd edir ki, kamera deyilən otağın iki qapısı var, səhər saat 10-da gəzinti yerinin qapısı açılır və axşam 6-ya qədər təcridxanada saxlanılan şəxslər hava görürlər.
"Otaqda yalnız bir pəncərə açılır və havalandırma sistemi yoxdur. Hava axını kamera qapısının nəfəsliyi açıq qalanda dövr edə bilir, amma noyabrın 14-də o nəfəslik də qapandı. Qapılar yavaş-yavaş döyülməyə başladı. Kameraların birində hamilə qadın, o birində azyaşlı uşağı ilə saxlanılan, üzbəüz kamerada ürəyində stend olan, öz otağımda isə epilepsiya xəstəsi və klaustrafobiyadan əziyyət çəkən qadınlar var. Nəzarətçiyə şikayətləndik ki, nəfəs ala bilmirik, lakin o, rəisin tapşırığı olduğunu, heç nə edə bilməyəcəyini dedi" - deyə, jurnalist bildirir.
Onun sözlərinə görə, kamera yoldaşı Günel Cabbarova qapıya yaxınlaşan rəis müavini Arif adlı şəxsə nəfəs ala bilmədiyini dedi və nəfəsliyi açmasını istədi, amma o, nəfəsliyi açmayacağını dedi:
"Özümü doğrayacağam, arxasında duracaqsan?" sözünə isə "özünü doğra, arxasında duracağam" - deyə, cavab verdi.
Günel Cabbarova deyir ki, əlinə xəsarət yetirib. Otaq yoldaşları üstünə düşüb kəsici aləti əlindən alıblar. Rəis müavini Arif daha sonra məni psixoloqun otağına çağırıb təhqir etdi. O, başımı şkafa vurub partladacağını deyərək üstümə şığıdı. Rejim rəisi Vahid müəllim və psixoloq Təranə Quliyeva onu otaqdan çıxardı.
"Mən burada həyatımın təhlükəsizlikdə olduğunu hiss etmirəm. Həmin gecə yata bilməmişəm, qıcolmam tutub" - deyə, o bildirdi. Otaq yoldaşlarımı qəbul edən rejim rəisi Vahid adlı şəxs əlində dubinka yellədə-yellədə, stolunun üstündə də qandal olmaqla onlara psixoloji təzyiq edib".
Jurnalist məktubunda bildirir ki, nəfəsliyin bağlanmasına etiraz edən qadınlardan birinin əli qandallanıb və bu şəkildə rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparılıb.
"14 noyabr saat 20:30-da qadın korpusunun bütün qapıları döyülürdü. 170 nəfər qadın rəis Elnur İsmayılovun bu göstərişinə etiraz edirdilər. Kişi korpusunun əməkdaşları qadın korpusuna göndərildi. Təkidlərdən sonra nəfəsliklər açıldı. Növbəti gün səhər sayımını rəis müavini Əhəd Abdiyev və digər rütbəlilər etdilər. Onlar şikayətlərimizi öyrənib getdilər, amma yenə də nəfəsliklər qapı bağlanan kimi yox, saat yarım sonra açılır. Məhkumlar yenə də hava çatışmazlığından şikayətlənib nəfəsliyin daha da açılmasını istəyirlər, amma nəzarətçilər rəisin zəngini gözləyirlər", jurnalist əlavə edir.
Sevinc Vaqifqızının məlumatına görə, Nərgiz Absalamova nəfəsliyinin bağlanmasına etiraz edərkən baş nəzarətçi Əzizə Məmmədova nəfəsliyi çəkib və onun əli zədələnib:
"Nərgizin əlində hələ də qançır izləri qalır. Nəfəslik bağlanmasın deyə irəli atdığım sağ qolumda və barmaqlarımda qançır izləri var. Hər ikimiz həkimə müraciət etmişik və xəsarətlər qeydə alınıb. Bütün baş verənlərdən sonra qadınların şikayətini həll etmək əvəzinə, rəis Elnur İsmayılov Nərgiz Absalamovanın, Elnarə Qasımovanın və mənim otağımın qapısının üstünə kamera yerləşdirib".
Jurnalist məktubunda onların otaqlarında deyil, psixoloq otağında qanunsuz işlər görüldüyünü iddia edib.
"Qeyd etmək istəyirəm ki, bizim otaqlarda qanunsuz işlər görülmür. Təcridxana rəisi Elnur İsmayılov qadın korpusundakı problemləri öyrənmək istəyirsə, tövsiyə edərdim ki, bizim qapılarımıza qoyduğu kameraları götürüb əməkdaşı, psixoloq mayor Təranə Quliyevanın otağına yerləşdirsin. O zaman görünəcək ki, bu otaqda bütün qadınlardan rüşvət alınır. Qadınların nəfəsini həm korrupsiya, həm də havasızlıq kəsir", Vaqifqızı məktubun sonunda qeyd edib.
Vəkil Aqil Layıc noyabrın 18-də Sevinc Vaqifqızı (Abbasova) ilə görüşüb:
"Sevinc Vaqifqızı ilə görüşdüm. Əsas məqam ona fiziki və verbal şiddətin olub-olmaması, qolunda olan hematoma ilə bağlı idi. Hematomanın yaranmasına belə qeyd etdi ki, qapının ağzında olan nəfəsliyin bağlanmaması üçün əlini nəfəsliyin arasına salıb, çəkiş-bərkişdə əmələ gəlir".
"Nəfəslik məsələsi də artıq həll edilib. Ondan narahat olan bütün dostlarına salam dedi", deyə, vəkil əlavə edib.
Noyabrın 17-də "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) ailə üzvlərinə istinadən yayılan məlumatda deyilir ki, həbsxanada saxlanılan jurnalistlər zorakılığa məruz qalıblar. Noyabrın 16-da jurnalistlə görüşən ailə üzvləri onun qolunda zorakılıq izlərinin olduğunu bildirirlər.
"Ələ yaxın, iç bilək hissəsində yumurta boyda göyərmə izi var. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin formada zədə Elnarədə də var. Hadisə noyabrın 14-də gecə saatlarında baş verib. Nərgiz öz kamerasındakı qapıda yerləşən nəfəsliyə yaxın dayanıbmış, nəzarətçi onun bu hərəkətinin qanunsuz olduğunu, qapıya yaxın durmamalı olduğunu bildirib. Nərgiz nəzarətçinin bu tələbinə cavabında deyib ki, " burada qanunsuz nə var ki?" və nəticədə mübahisə yaranıb. Nəzarətçi Nərgizə ləçər və həyasız deyərək onu təhqir edib", ailə üzvləri bildiriblər.
Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib. Vəkil görüş üçün lazım olan sənədi də təqdim edib. Təcridxana rəhbərliyi görüşə icazə verməyib. Bunu kamerada sayım getməsilə əlaqələndiriblər.
Penitensiar Xidmət və 1 saylı Bakı İstintaq Təcridxanası bu məlumatla bağlı hələ şərh verməyib.
"Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə yazandan sonra Elnur İsmayılov tərəfindən sistematik şəkildə qeyri-insani rəftara məruz qalır". Bu barədə "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva oktyabrın 4-də məlumat yayıb.
Quliyevanın sözlərinə görə, onun saxlanıldığı kameranın qapısındakı nəfəslik yayın isti günlərinə baxmayaq işgəncə məqsədi ilə bağlı saxlanılırdı. Rübabə Quliyeva həyat yoldaşına qarşı təzyiqin bununla bitmədiyini deyib.
"7 sentyabr tarixində Ülvi məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istəyəndə Nail adlı "konvoy" (Penitensiar xidmətin əməkdaşı) tərəfindən Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub", o bildirib.
Avqustun 21-də isə Rübabə Quliyeva sosial şəbəkələrdə Ülvi Həsənlinin həyatına təhlükə olduğu barədə məlumat yayıb.
Onun sözlərinə görə, avqustun 21-də Həsənli ilə növbəti telefon danışığında o bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir.
"Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib. Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar", o bildirib.
Həmin dövrdə Penitensiar Xidmət iddianı təkzib edib.
İyulun 31-də Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən "Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki barmaqlıqlardan asırlar" adlı məqaləsi dərc olunub.
Məqalədə Həsənli son altı ayda qeydə aldığı işgəncə faktlarını təsvir etdiyini bildirir.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.
"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Forum