Accessibility links

Rüfət Səfərovun anası: Ölkədən çıxışıma qoyulan qadağanın səbəbini izah etmirlər


“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün istintaqa dəvət edilib. O, istintaq orqanının dəvətinə əməl edərək Bakı şəhər Baş Polis İdarəsinə gedib və ifadə verməkdən imtina edib.

Bu barədə Tahirə Tahirqızının özü Amerikanın Səsinə bildirib.

“Mən qanunvericiliyə uyğun olaraq ifadə verməkdən imtina etdim. Müstəntiqə bildirdim ki, oğlumu şərləyib həbs ediblər. Hər hansı bir sübut olmayan cinayət işi üzrə mən necə ifadə verə bilərəm. Bir də mənim ölkədən çıxışıma hansı səbəbdən qadağa qoyulduğunu soruşdum. Hər hansı cavab ala bilmədim”, o qeyd edib.

Tahirə Tahirqızı bildirib ki, həyat yoldaşı ağır parkinson xəstəsidir.

“Həyat yoldaşım hər altı aydan bir İstanbulda əməliyyat olunduğu klinikada müayinədən keçir. Son hadisələr, oğlumuzun həbs edilməsi onun xəstəliyinin daha da kəskinləşməsinə səbəb olub. Buna görə yanvarın 7-də İstanbula getmək üçün təyyarəyə qabaqcadan bilet almışam. Mənə son anda məlum olub ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Biz pensiya ilə dolanırıq. Bu bilet pulu belə bizim üçün böyük məbləğdir”, o qeyd edib.

Tahirqızı yenə də ümid edir ki, istintaq və Rüfət Səfərovun həbsinə sifariş verənlər humanizmi prinsipindən çıxış edərək onun atasının müayinəsi üçün İstanbula getməsinə şərait yaradacaqlar.

“Biz hər dəqiqə istintaq orqanından zəng gözləyirik. Yenə də ümidimizi üzmürük. Sabah, yanvarın 7-si ümidimizin son günüdür”, o qeyd edib.

Bu gün, yanvarın 6-da Rüfət Səfərov ailəsi ilə telefonla danışıb.

“O, atasının səhhəti ilə bağlı çox narahtdır. Bizim ölkədən çıxışımıza qoyulan qadağa isə ona çox ağır təsir edib. O bunun humanizmə uyğun olmadığını dedi”, ana qeyd edib.

Tahirə Tahirqızı yanvarın 5-də Amerikanın Səsinə deyib ki, həyat yoldaşı Eldar Sabiroğlu bir neçə il qabaq İstanbulda ağır parkinson xəstəliyi diaqnozu ilə əməliyyat olunub.

“Bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bilir. Bir neçə il öncə Eldarı əməliyyat etdirmək üçün hətta evimi satışa qoymuşdum. Prezident və xanımı bizim müraciətimiz olmadan belə humanistlik göstərərək Eldarın Türkiyədə əməliyyatının bütün xərclərini üzərlərinə götürdü. Özləri də bilir ki, hər altı aydan bir Türkiyədə həkim müayinəsindən keçir. Son bir həftədir ki, Eldar bəyin vəziyyəti kəskin şəkildə pisləşib və onun yenidən Türkiyəyə aparılması üçün bilet alınıb”, o qeyd edib.

Tahirə Tahirqızı Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyması barədə qərarını ədalətli hesab etmir və qanunvericiliyə əsaslanmadğını bildirir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulması barədə xəbərin doğru olub-olmaması ilə bağlı sorğusuna hələ cavab verməyib.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Səfərov ittihamları “uydurma” və “cəfəng” adlandıraraq rədd edib, insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi və mükafatlandırma mərasimində iştirakının qarşısının alınması məqsədi ilə həbs edildiyini bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken 2024-cü il dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə Vaşinqtonda bir neçə ölkədən tanınmış insan hüquqları müdafiəçilərinə mükafat təqdim edərkən Rüfət Səfərov üçün ayrılmış oturacağın boş olmasına diqqət çəkib.

“Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir”, Dövlət katibi vurğulayıb.

Avropa Parlamenti dekabrın 19-da qəbul etdiyi qətnaməsində Səfərovun və həbs edilən digər hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların “əsassız, siyasi motivli ittihamlar”la üzləşdiyini vurğulayıb.

Avropalı qanunvericilər Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və siyasi müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyib, siyasi məhbusların sərbəst buraxılmasına və hökumətin yüksək vəzifəli məmurlarına Avropa İttifaqının (Aİ) hədəfli sanksiyalarının tətbiq edilməsinə çağırıb.

Azərbaycanın hakimiyyət nümayəndələri isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib və beynəlxalq çağırışları “Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə” kimi qiymətləndirib.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

Xatırladaq ki, Rüfət Səfərov həbs edildikdən sonra bir sıra sosial şəbəkələrdə onun ailə üzvlərinə və qohumlarına qarşı təhqiredici səs yazıları yayılmağa başlayıb. Bu səs yazılarında xüsusilə Rüfət Səfərovun atası Eldar Sabiroğlu hədəf alınıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 10-a çatıb
please wait

No media source currently available

0:00 0:11:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG