Dekabrın 24-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, görüşdə Azərbaycan və Ukrayna əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
“Ölkələrimizin etibarlı tərəfdaş olduqları, münasibətlərin möhkəm təməllərə əsaslandığı, ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərdikləri vurğulanıb. Söhbət zamanı humanitar sahədə əməkdaşlığın vacibliyi də vurğulanıb”, xəbərdə qeyd edilir.
Səfir Yuriy Husyev X Platformasında bildirib ki, Azərbaycan Milli Məclisinin sədri ilə görüşü məhsuldar olub.
“Biz parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, humanitar yardım, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarına dair məsələləri müzakirə etdik. Göstərdiyi yardım və dəstəyə görə Azərbaycana minnətdaram”, səfir qeyd edib.
Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.
Ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımlarının ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 214 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpin şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb. Bu ilin oktyabrında İrpin şəhərinin 4 yenidənqurma layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəyi bəyan edilib.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırılıb. Elektrik avadanlıqlarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.
Rəsmi məlumatlara görə, Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə 1 milyard 82 milyon dollar səviyyəsində olub. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir ay öncə, 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı iki ölkə prezidenti 2024-cü ilədək ticarət həcminin iki dəfə artırılması barədə razılığa gəlib. Lakin 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlaması ilə əlaqələrdə fasilələr yaranıb.
Buna baxmayaraq, 2024-cü ilin ilk 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 22 faiz artaraq 335 milyon dollara yaxın olub.
2024-cü il sentyabrın 30-da Azərbyacanın işğaldan azad edilmiş Laçın şəhəri ilə Ukraynanın İrpin şəhərlərinin qardaşlaşması haqqında memorandum imzalanıb.
Forum