Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.
“Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur”, təbrikdə deyilir.
Prezident Əliyev bildirir ki, ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər.
“Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.
Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, təbrik məktubunda deyilir.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırılıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.
Forum