Accessibility links

Azərbaycan və Ukrayna nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib


Dmitro Kuleba və Ceyhun Bayramov
Dmitro Kuleba və Ceyhun Bayramov

Mayın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazirlik bildirir ki, telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

“İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi qeyd olunub. Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib”, məlumatda qeyd edilir.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba isə öz X Platformasında telefon danışığı zamanı Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

“Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, o yazıb.

Xatırladaq ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar Ukraynaya çatdırılıb.

Forum

XS
SM
MD
LG