Accessibility links

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, amma “Krım Platforması”na qatılmayıb


Krım Platforması
Krım Platforması

Avqustun 23-də Ukraynanın paytaxtı Kyivdə "Krım Platforması" sammitinə start verilib. Platforma Krımın Rusiya tərəfindən ilhaqına beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir.

Sammitdə dünyanın 45-dən çox ölkəsindən (bütün Avropa və NATO ölkələri) nümayəndələr iştirak edir.

Krım platformasının yaradılması təşəbbüsü ilə 2020-ci ildə Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib.

Azərbaycan "Krım Platforması"nın işində iştirak etmir.

Bu il mayın 27-də telefon danışığı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitri Kuleba ilə "Krım Platforması"nın keçirilməsini müzakirə edib.

Ukraynada bir sıra ekspertlər hesab edir ki, Azərbaycanın indiki mövqeyi Rusiyanın Cənubi Qafqazda oynadığı rolu ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Ölkə rəsmiləri Rusiya tərəfindən Krımda keçirilən hər hansı rəsmi tədbirə qatılmayır.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın müstəqillyinin 30-cu ildönümü münasibəti ilə prezident Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

“Dost Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir,” Prezident Əliyev qeyd edib.

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, Azərbaycan Ukraynanı, Moldovanı, Gürcüstanı beynəlxalq təşkilatlarda dəstəkləyib və onların ərazi bütövlüyünü tanıyır.

“Ukrayna Azərbaycanın “Krım Plaforması”nda iştirak etməməsini anlayışla qarşılayıb və bu addım Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirməyəcək. Müqayisə üçün Kuba, Venesuela, İran, Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin əleyhinə səs verib, Azərbaycan isə yox. Azərbaycanın bu platformada iştirak etməməsi əsasən bölgədə qarşıdurmaları artırmamaq məqsədi daşıyır”.

O hesab edir ki, Azərbaycanın bu addımı Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirməyəcək.

“Azərbaycan ərazi bütövlüyü probelmi ilə qarşılaşdığından Ukraynanın durumunu çox yaxşı anlayır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ilə yaxın icra olunmadı. Hazırda buna bənzər vəziyyət Ukrayna, Gürcüstan, Moldova ilə bağlıdır. Biz hər zaman bu problemlərdə beynəlxalq hüquq normalarının yerinə yetirilməsini dəstəkləyirik. 30 il ərzində ATƏT-in Minsk Qrupunun səyləri nəticə vermədiyinə görə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan özü Ermənistanın işğalına cavab verməyə məcbur oldu və münaqişəni həll etdi,” Mollazadə qeyd edib.

XS
SM
MD
LG