Accessibility links

Putin Azərbaycana gəlir


İlham Əliyev və Vladimir Putin.
İlham Əliyev və Vladimir Putin.

Kremlin verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlir. Rusiya liderinin səfərinin 18-19 avqust tarixlərində baş tutacağı bildirilir.

“Vladimir Putinin Azərbaycana səfərinin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır”, Rusiya Prezidentinin rəsmi internet səhifəsində yayılan məlumatda deyilir.

Turan İnformasiya Agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Rusiya hazırda faktiki olaraq bloklanmış vəziyyətdədir.

“Vladimir Putin keçmiş sovet respublikalarının Belarus daxil olmaqla yalnız bir hissəsindən başqa ölkələrə səfər edə bilmir. Nəzərə alsaq ki, Azərbaycan və Rusiyanın iqtisadi və siyasi istiqamətdə münasibətlərinin məqsədi və məzmunu çox yaxındır. Bu baxımdan Putinin Azərbaycana səfər etməsi kifayət qədər məntiqlidir”, o qeyd edib.

Hacıyev hesab edir ki, səfər zamanı regionla bağlı məsələlərin müzakirəsi və qərarlar qəbul edilməsi gözlənilir.

“Bununla yanaşı, indiyədək müzakirə edilən, lakin hələ qərarlar qəbul edilməyən məsələlər də danışıqların gündəliyində olacaq. Bu da ilk növbədə Rusiya, Azərbaycan və İrandan keçən Şimal-Cənub nəqliyyat dəhlizidir. Dəhlizin açılması, regiondakı təhlükəsizlik məsələsi, Yaxın Şərq problemi müzakirə ediləcək. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülhün bağlanması da müzakirə ediləcək. Çox güman ki, Qərbin Cənubi Qafqazdakı layihələri, perspektiv istəkləri də yenidən müzakirə mövzusu olacaq. Putin çalışacaq ki, Azərbaycanı Qərbin təklif etdiyi variantlardan uzaqlaşdırsın. Bu da ilk növbədə Ermənistan-Azərbaycan sülh müqaviləsindən Zəngəzur dəhlizi məsələsinin çıxarılmasıdır. Çünki bu, Qərbin təklifidir. Rusiya bunu istəmir. 2020-çi ilin noyabrında əldə edilmiş razılığa görə Zəngəzur dəhlizinə Rusiya təhlükəsizlik qüvvələri nəzarət etməli idi. Əgər Qərbin təklifi həyata keçsə bu o deməkdir ki, Rusiya orada mövqeyini itirir və bu sahə onun nəzarətindən kənarda qalacaq. Rusiya bunu qətiyyən istəməz. Heç şübhəsiz ki, bu əsas müzakirə ediləcək məsələlərdən biri olacaq”, o qeyd edib.

Bundan öncə, iki ölkə lideri bu il iyulun 3-də Astanada görüşüb.

Görüşdə Vladimir Putin deyib ki, qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir.

"Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir".

O bildirib ki, Rusiyanın infrastruktur sahəsindəki planlarında birinci yerdə Şimal-Cənub magistralı durur.

Xatırladaq ki, Rusiya prezidenti sonuncu dəfə 2018-ci ildə Azərbaycana səfər edib.

Forum

XS
SM
MD
LG