Accessibility links

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərini birləşdirir


Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə tədbir (Mənbə: Azərbaycan İqtisadiyyat Nazirliyi)
Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə tədbir (Mənbə: Azərbaycan İqtisadiyyat Nazirliyi)

"Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" imzalanıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X platformasında paylaşım edib.

"Özbəkistana işgüzar səfərimiz çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu"nu imzaladıq. Sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək", nazir qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, Xəzər dənizinin dibi ilə yüksək gərginlikli elektrik kabelinin çəkilməsi, Özbəkistan və Qazaxıstanda hasil edilən yaşıl enerjinin qəbulu və daha sonra Qara dənizin dibi ilə Avropaya çəkiləcək magistral xətlə ötürülməsi Azərbaycanın təşəbbüsüdür.

“Dünən Daşkəndə imzalanmış memorandumdan öncə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri səviyyəsində Bakıda məsləhətləşmələr olub. O zaman bu məsələnin daha dəqiq öyrənilməsi və imkanların araşdırılması, sonra aydınlıq gətirilməsi tapşırılmışdı. Məhz mayın 1-də tərəflər həmin potensialın olmasını təsdqi edib. Bu potensialın ixrac edilib əlavə gəlir gətirəcəyini də qeyd ediblər”, o bildirib.

İlham Şaban
İlham Şaban

Təhlilçinin firkincə, hələ 2022-ci ilin dekabrında Azərbaycan prezidentinin, Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçərək Avropaya yaşıl enerji ötürülməsi zamanı Avropanın təklif etdiyi 1000 meqavat gücündə yeni bir infrastrukturun yaradılması və onun 5 dəfəyədək artırılması təklifi verilib.

“Bu yalnız Azərbaycanın yaşıl enerjisinin ixracına deyil, həm də Azərbaycanın gələcəkdə yaşıl enerji tranziti ölkəsinə yönəlmiş bir addımdır”, Şaban qeyd edib.

Onun fikrincə, hazırda Xəzərin şərq sahillərində qərb sahilinə nisbətən daha çox elektrik enerjisi istehsal edilir.

“Ötən ilin yekunlarına görə Qazaxıstan ancaq yaşıl enerjidən 6,7 milyard kilovat/saat elektrik enerjisi istehsal edib. Qazaxıstan bu həcmi 2030-cu ilədək kifayət qədər artıraraq 10 milyard kilovat/saat yaşıl enerji istehsal edə bilər. Özbəkistana gəldikdə isə 2028-ci ilədək 4,5 milyard kilovar/saat istehsal gücü olacaq 28 günəş və külək elektrik stansiyasını istismara verməyi planlaşdırır. Yəni potensial kifayət qədər böyükdür. Bu potensialdan rassional istifadə onun daha bahalı bazarlarda satılmasıdır ki, bu da Azərbaycan vasitəsi ilə həyata keçirilə bilər”, təhlilçi qeyd edib.

Forum

XS
SM
MD
LG