Accessibility links

Azərbaycan və Gürcüstan əlaqələrin perspektivlərini müzakirə edib


İlham Əliyev və İrakli Kobaxidze (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və İrakli Kobaxidze (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana səfər edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze görüşlərinin nəticələri ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər.

Çıxışların əsas məğzi mehriban qonşuluq, iqtisadi-ticari əlaqələr, enerji və nəqliyyat layihələrində birgə iştirak olub.

Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”, Prezident Əliyev qeyd edib.

Onun dediyinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlayacaq.

“Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”, o qeyd edib.

Enerji layihələrindən danışarkən Əliyev deyib ki, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Onun fikrincə enerji layihələrinin həyata keçirilməsində Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Azərbaycan prezidenti hesab edir ki, iki ölkə yaşıl enerji layihəsi üçün də örnək olacaq və yaşıl enerji layihəsini eyni müvəffəqiyyətlə icra edəcək.

Dövlət başçısı deyib ki, Gürcüstanla ticarət dövriyyəsi 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyub.

Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoq var, müsbət dinamika mövcuddur.

“Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik”.

Onun dediyinə görə, Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır.

“Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var. Bu işlər davam etdiriləcək”, o qeyd edib.

Forum

XS
SM
MD
LG