Həbsdə olan jurnalist Polad Aslanov hüquqları bərpa olunmasa aclıq aksiyasına başlayacağını bildirib.
Onun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində yazıb ki, jurnalist Polad Aslanov saxlanıldığı 1 saylı Cəzaçəkmə müəssisəsindən Baş Prookurorluğa müraciət göndərib.
“Polad şikayətləri ilə bağlı prokurorluğun qərarlarının ona verilməməsindən şikayətlənir. Dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, xitam haqqında qərarı nə vəkilimə, nə də mənə verirlər. Günahsiz olduğum halda həbsdəyəm və burada da yenə hüquqlarımı pozurlar. Baş prokuror cənab Kamran Əliyevin adına rəsmi ərizə yazıb, barəmdə açılmış cinayət işinin qərarlarını tələb edirəm. Yanima gələn prokurorluq əməkdaşlarına da yazılı şəkildə bildirmişəm”, Aslanova həyat yoldaşına istinadən qeyd edib.
Polad Aslanov 12 iyun 2019-cu ildə həbs edilib, Cinayət Məcəlləsinin 274-cü maddəsinə (dövlətə xəyanət) əsasən İrana casusluq etməkdə ittiham olunur və 16 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun həbs cəzasını 13 ilə endirib.
Aslanov bütün ittihamları rədd edərək bildirib ki, xüsusi xidmət orqanları əməkdaşlarının korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunur.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyərək Polad Aslanovu azad etməyə çağırıb.
Forum