Accessibility links

Polad Aslanovun səhhətində problem yaranıb


Polad Aslanov
Polad Aslanov

Xeberman.com saytının redaktoru Polad Aslanov ona effektiv tibbi yardım göstərilməməsindən şikayətlənir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, jurnalistin ötən ay ədalətsiz məhkəmə hökmünə və kassasiya şikayətinə baxılmasının yubadılmasına etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirməsi sağlamlığında ciddi problemlər yaradıb.

Aclıqdan sonra onun üzündə, əllərində, ayaqlarında ödəm, qarın boşluğunda və ayaqlarında ciddi ağrılar yaranıb.

"Polad və mən dəfələrlə onun tibbi müayinədən keçirilməsi üçün müraciət etmişik. Amma 1 saylı Cəzaçəkmə Müəssisəsində onu müayinə, müalicə etmirlər, yalnız gündə bir dəfə vitamin B kompleksi vururlar. Tibb məntəqəsinin həkimi ona bildirib ki, onlarda rentgen aparatı yoxdur və müayinə üçün o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılmalıdır," o bildirib.

Jurnalistin həyat yoldaşı Aslanovun hərtərəfli müayinə edilməsi və effektiv müalicə təyin edilməsi üçün Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciət edib.

Öz növbəsində məsələ ilə bağlı Amerikanın Səsinin Penitensiar Xidmətdən şərh almaq cəhdi baş tutmayıb.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edirdi.

Dövlət ittihamçısı bildirib ki, Aslanovun təqsiri sübuta yetirilib, lakin yüngülləşdirici hallar var - əvvəllər məhkum olunmaması, habelə ailə vəziyyəti, azyaşlı övladının olması nəzərə alınmaqla cəzası 3 il müddətinə azaldıla bilər.

Fevralın 24-də Azərbaycan Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, həbs müddətini 16 ildən 13 ilə endirib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Yanvarın 22-də Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə bildirib ki, Polad Aslanovun işi çox ciddidir.

“Biz Polad Aslanovun işini izləyirik. Təəssüflər olsun ki, Azərbaycanda, xüsusən də penitensiar sistemdə vəziyyət o qədər acınacaqlıdır ki, aclıq aksiyası həbsdə olan siyasi məhbusların, o cümlədən jurnalistlərin diqqəti öz işlərinə cəlb etmək, hüquqları uğrunda mübarizə aparmaq üçün az qala yeganə çıxış yoluna çevrilib,” o qeyd edib.

XS
SM
MD
LG