Accessibility links

Nəsimi Məmmədli: Seçkidə siyasi rəqabət elementləri yoxdur


Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda mövcud seçki mühiti, media və sosial şəbəkələrin seçkilərdə rolu, seçkidən sonrakı gözləntilərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda 7 fevralda növbədənkənar prezident seçkisi keçiriləcək. Ölkədə seçki mühitini necə qiymətləndirirsiniz? Namizədlər seçki kampaniyası aparmaq üçün bərabər imkanlara malikdirlərmi?

Nəsimi Məmmədli: Azərbaycanda demokratik seçki mühiti yoxdur. Faktiki olaraq sərbəst toplaşmaq azadlığı ölkədə qadağan edilib. Ölkədə media azadlığı ilə bağlı ciddi problemlər var. İfadə azadlığı ilə bağlı problemlər var. Ölkədə 250-dən çox siyasi məhbusun olması ilə bağlı hesabatlar var. Bütün bunlar göstərir ki, doğrudan da bu seçkidə də ölkədə demokratik seçki mühiti yoxdur. Bununla yanaşı, bərabər imkanlar ilə bağlı namizədlərin özləri şikayətçi deyil. Belə bir problemi qaldırmayıblar. Amma biz apardığımız müşahidələr nəticəsində görürük ki, namizədlərə münasibətdə onlar arasında çox ciddi fərq var. Xüsusilə, bu özünü nədə göstərir? Sonuncu maliyyə hesabatları göstərir ki, namizədlərin bəziləri 2500, bəziləri 3000 manat xərclədiyi halda, ölkə prezidenti 720 min manat vəsait xərcləyib. Xərclənmiş vəsaitlərin miqdarına baxanda da açıq şəkildə görünür ki, namizədlərin seçkidəki imkanları bərabər səviyyədə deyil.

Nəsimi Məmmədli: Seçkidə siyasi rəqabət elementləri yoxdur
please wait

No media source currently available

0:00 0:06:03 0:00

Amerikanın Səsi: Hazırki seçki əvvəlkilərdən nə ilə fərqlənir? İnsanların və cəmiyyətin bütövlükdə seçkiyə münasibətdə davranışlarında dəyişikliklər varmı? Seçki institutu nə dərəcədə ictimai etimada malikdir?

Nəsimi Məmmədli: Bu seçkinin əvvəlkilərdən xüsusilə ciddi fərqləndiyi bir məqam yoxdur. Azərbaycanda sonuncu prezident seçkisi 2013-cü ildə, yəni 11 il öncə keçirilmişdir. Orada alternativ bir namizədlə müxalifət də iştirak edirdi. Müəyyən qədər rəqabətli seçki demək olardı. Son 11 ildə keçirilən, bu ikinci prezident seçkisi idi ki, burada demək olar ki, siyasi rəqabət elementləri yoxdur. Namizədlərin hər biri hakimiyyətin özünün siyasətini dəstəkləyən şəxslərdən ibarət seçilibdir. Bu baxımdan mən düşünürəm ki, bundan əvvəlki seçkilərlə bu seçkinin ciddi bir fərqi yoxdur. Vətəndaşların seçkiyə inamı, güvəni də kifayət qədər sarsılıb. Bunu da şərtləndirən amil odur ki, demokratik seçkilərin keçirilməməsi insanlarda seçkiyə inamı öldürüb. Seçkiyə gəlmək, seçkidə öz iradəsini ifadə etmək doğrudan da, konstitusiyanın birinci maddəsində göstərilən kimi hakimiyyətin mənbəyi olmaq funksiyasını itirib. Bu baxımdan Azərbaycanda seçkilərə etimad yoxdur.

Amerikanın Səsi: Media seçkilərdə onun üzərinə düşən məlumatlandırıcı funksiyanı necə yerinə yetirir? Əhalinin seçki barəsındə alternativ fikirlərə çatımı varmı? Sosial şəbəkələrdə seçki mövzusu prioritetdirmi? Sosial media istifadəçiləri daha çox hansı yöndən seçkiyə münasibət sərgiləyir?

Nəsimi Məmmədli: Açığı burada məsələ belədir. Sosial şəbəkələrdə seçki ilə bağlı ciddi müzakirə yoxdur. Demək olar ki, siyasi məna kəsb edən hansısa müzakirəyə rast gəlmirik. Bu, çox maraqlıdır ki, namizədlərin özlərinin sosial şəbəkə vasitəsilə, nə onların tərəfdarlarının, və yaxud vəkillərinin, müşahidəçilərinin belə bir kampaniya apardığı ilə rastlaşmırıq. Daha çox seçkidə namizədlərin hansısa bir fikirləri ilə bağlı və yaxud onların şəxsiyyəti ilə bağlı müəyyən zarafata bənzər paylaşımlar, belə müzakirələr qarşımıza çıxır. Dediyim kimi, siyasi diskussiya elementi olaraq diqqət çəkmir. Mediada isə, Azərbaycanda hökümətin nəzarətində olan mediada, xüsusilə AZTV-də və İctimai TV-də müəyyən kiçik pulsuz efir vaxtı istisna olmaqla pullu efir vaxtından istifadə edən namizədlər də yoxdur. İndi ölkədə çoxsaylı media orqanları var. Bunlarda namizədlər pullu efir vaxtından istifadə edə bilər. Demək olar ki, buna rast gəlmədik. Bu seçkidə pullu efir vaxtından istifadə edən namizədlər də olmadı. Yəni medianın seçkilərin demokratikliyinə hər hansı bir töhfə verməsinin şahidi ola bilmərik.

Amerikanın Səsi: Seçkidən sonra ölkədə siyasi proseslərin gedişatını necə proqnozlaşdırardınız? Hansı dəyişiklikləri gözləmək olar?

Nəsimi Məmmədli: Ölkədə dəyişkliyini gözləyən çoxsaylı problemlər var. Xüsusilə bunlar insan hüquq və azadlıqları ilə bağlı məsələlərdir. Azərbaycanda iqtisadi geriləmələr var. Bu, çox ciddi şəkildə regionlarda özünü göstərir. Azərbaycanda daha çox, mən düşünürəm ki, siyasi münasibətlərin özündə də tənzimlənməsini gözləyən məqamlar var. Ona görə, seçkidən sonra referendum keçirilərək ölkənin siyasi sistemində, eyni zamanda iqtisadi islahatların aparılması ilə bağlı, hüquq və azadlıqların təminatı ilə bağlı müəyyən addımların atılmasına zərurət var. Hökümətin bunun həyata keçirilməsi ilə bağlı, konkret olaraq prezident İlham Əliyevin özünün də bir açıqlaması oldu ki, biz yeni bir dövrə qədəm qoyuruq. Bu bir qədər cəmiyyətdə ümid yaradır ki, seçkilərdən sonra ola bilsin müəyyən bir dəyişikliklər üçün start verilsin. Amma eyni zamanda, bu, daha çox regional və qlobal geosiyasi problemlərin təsiri ilə, mən düşünürəm ki, reallaşa biləcək məsələdir.

Qeyd: Bu siyasi təhlilçi Nəsimi Məmmədlinin fikirləridir.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Seçki Komissiyası ölkədə demokratik, azad seçkinin keçirilməsi üçün bütün imkanların olduğunu bəyan edib. Mərkəzi Seçki Komissiyası həmçinin prezidentliyə namizədlərə qanunla nəzərdə tutulan bütün imkanların, o cümlədən təbliğat və təşviqat kampaniyarını keçirmək üçün bərabər imkanların yaradıldığını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçki müşahidə missiyasının (SMM) aralıq hesabatında isə deyilir ki, təşviqat kampaniyası zəif keçib və hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.

“Bundan əlavə parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkiyə qatılmır, biri isə boykot çağırışı ilə çıxış edir. Kampaniyanın əsas mövzuları isə xarici siyasət və ərazi bütövlüyünün bərpasıdır”.

SMM hesabatında son aylar bəzi jurnalistlərin həbsinə də toxunulur.

"Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma, həbslər baş verib. Bunların da bir qismi hazırki hesabat dövrünə təsadüf edib. Bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması bir sıra DTİHB SMM həmsöhbətlərində narahatlıq doğurur", DTİHB SMM aralıq hesabatında deyilir.

Forum

XS
SM
MD
LG