Accessibility links

Akif Qurbanov: Azərbaycan iqtidarı ictimai rəyi nəzarətdə saxlamağa çalışır


Akif Qurbanov-III Respublika Platformasının spikeri
Akif Qurbanov-III Respublika Platformasının spikeri

III Respublika Platformasının spikeri Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində rəhbərlik etdiyi quruma qarşı təhdidlər, qurumun mübarizə istiqamətlərindən danışıb.

Amerikanın Səsi: Son günlər bir sıra media orqanlarında III Respublika Platformasına və sizə qarşı ittihamedici məqalələr dərc edilir. Sizin təşkilatın hədəfə alınmasının səbəblərini necə izah edərdiniz?

Akif Qurbanov: Azərbaycan iqtidarı ictimai rəyi mümkün yollarla nəzarətdə saxlamağa çalışır. Hökümət ictimaiyyətin fəallığından ciddi şəkildə çəkinir. Eyni zamanda Azərbaycan iqtidarı ictimai rəyi mümkün yollarla nəzarətdə saxlamağa çalışır. Həm də yönəltmək istəyir. Bu yolların yumşaq vasitələri də var. O cümlədən, sərt alətlər vasitəsilə də ictimai rəyi yönəltmək istəyir. Sərt alətlərdən biri də qorxu yaratmaq, xof formalaşdırmaq və bu xof vasitəsilə cəmiyyəti yönəltmək istəyidir. Həmçinin opponentləri haqqında heç bir fakta söykənməyən, real əsasları olmayan qarayaxmalar vasitəsilə ictimai rəydə onların etimadını azaltmağa çalışır. Yəni hökümət müxalifət deyil ki, sözlər vasitəsilə, sadəcə olaraq sözlü ifadələrlə qarşı tərəfi ittiham edərək insanlara təsir etsin. Əgər real faktı varsa, o faktları irəli sürüb rəsmi ittihamlar etməlidir. Sübut etməlidir. O müxalifət olsa, deyək ki, sözdə danışar. Onun əlində hüquq mühafizə orqanları yoxdur. Amma iqtidar mediasıdır. Aydın bilinəndir ki, yazan medialar iqtidarın kontrolunda olan mediadır. Bu, birbaşa Prezident Administrasiyasından idarə olunan mediadır. Bu sifarişli yazılar vasitəsilə tənqidçiləri, fərqli fikir söyləyənləri susdurmaq istəyir. Elə o cümlədən də III Respublika Platforması kontrolda olmayan bir siyasi təşəbbüs kimi yeni ortaya çıxdığına görə, onun ictimai rəydə nüfuz toplamasının qarşısını bu vasitə ilə almaqdır.

Akif Qurbanov: Azərbaycan iqtidarı ictimai rəyi nəzarətdə saxlamağa çalışır
please wait

No media source currently available

0:00 0:07:11 0:00

Amerikanın Səsi: Platformanızın qurucu heyətinin üzvü Araz Əliyev inzibati həbsə məhkum edildi. Fəallarınıza qarşı yeni təhdidlər ola bilərmi?

Akif Qurbanov: Təbii ki, Araz Əliyevin də həbsi bunun bir tərkib hissəsi idi. O cümlədən də həmin ərəfədə mənim üzərimdə də bir əməliyyat keçirmək istəyi var idi. Sonradan daha çox Araz bəyin üzərinə fokuslandı. Amma Araz Əliyev ofisdən çıxarkən bilindi ki, mən izlənilirəm, mənim ətrafımda əməliyyat qurulub, mənim də çantamı hər ehtimalla ofisdən götürdü. Hələ bu günədək nə onun çantası, nə də mənim çantam, onun içərisindəki qiymətli əşyalar, elektron cihazlarla birlikdə qaytarılmır. Baxmayaraq rəsmi müraciət etmişik. Həmin hadisələri davam etdirirlər. O cümlədən dünən artıq bizə yeni hal kimi məlum olub ki, qurucu heyətimizin digər üzvü Ruslan İzzətliyə hərbi təlimlər adı ilə yenidən çağırış ediblər. Hansı ki, İzzətlinin İkinci Qarabağ Müharibəsindən qayıdışından çox da vaxt keçməyib. Baxmayaraq ki, onu 2020-ci ildə də parlament seçkilərində apardığı etirazçı kampaniyanın nəticəsi olaraq, səhhəti imkan vermədiyi halda cəza kimi xidmətə aparmışdılar. Hərbi xidmətdə bir ay yarım olduqdan sonra onu cərrahi əməliyyat etmək məcburiyyətində qaldılar. Bu gün də eyni vəziyyət var. Sadəcə olaraq mexanizmi işə düşür ki, “siz ağıllı olmalısınız. Mənim (iqtidar nəzərdə tutulur-red) istədiyim çərçivədə davranmalısınız”. Həmçinin də bizlərə təzyiq etməklə ətrafımızda xof yaratmaq istəyirlər ki, “bunlar arzu olunan şəxslər deyil. Bunlarla ünsiyyətə girməyin. Bunlarla ünsiyyət qursanız siz də təzyiqlərin qurbanı ola bilərsiniz”. Amma bu keçməyəcək.

Amerikanın Səsi: III Respublika Platformasının mübarizə istiqamətlərini necə izah edərdiniz? Əsas hədəfləriniz nədir?

Akif Qurbanov: Yəni, bizim əlimizdə xüsusi güc aləti yoxdur. Əlimizdə propoqanda (təşviqat-red) maşını yoxdur. Bizim sadəcə olaraq güvəndiyimiz ideyalarımızdır, fikirlərimizdir, mənəvi gücümüzdür və cəmiyyətə verdiyimiz mesajlardır. Biz Azərbaycanın şərtləri altındayıq, istər sosial şəbəkə vasitiəsilə, istər fərdi ünsiyyət alətləri vasitəsi ilə müxtəlif fəaliyyət proqramımızın tərkibində nəzərdə tutmuşuq. Artıq onun icrasına başlamaq prosesini həyata keçiririk. Müxtəlif formalarda biz insanlarla ünsiyyət yaratmaq istəyirik. Əsas iki hədəfimiz var. Hədəfimizin birincisi odur ki, biz yalançı anlayışları, səhv qavranmaları, hökumətin formalaşdırdığı zərərli qavramları deşifrə etmək, onu zərərsizləşdirmək, eyni zamanada düzgün fikirlər formalaşdırmaq. Bunun tərkib hissəsi olaraq, biz yeni narrativlər (hekayələr-red) formalaşdırmaq istəyirik. Zərərli narrativləri sıradan çıxarmaq istəyirik. Hansı ki, o insanları manipulyasiya edir. Biz həm də bunun vasitəsi ilə yeni diskuslar (müzakirələr-red) formalaşdırmaq istəyirik. O müzakirələr Azərbaycanı gələcəyə aparsın. Keçmişdə saxlamasın və bugünkü real vəziyyətdən aldatma və başqa yalançı istiqamətlərə yönəltməsin. Bunun nəticəsində biz nə edirik? Ana xətt olan ictimai rəyi formalaşdırmaq istəyirik. İkinci istiqamətimiz isə müxtəlif maarifləndirmə alətləri vasitəsi ilə kadr hazırlığı görməyi hədəfləyirik. Yəni biz ictimai rəyi formalaşdırmaqla, kadr hazırlığını görməklə cəmiyyətdə ilkin dönəm üçün iştirakçılığı yaratmaq, artırmaq istəyirik. İştirakçılıq olmadan Azərbaycanda siyasi fəaliyyət göstərmək, siyasi mühiti formalaşdırmaq və onu inkişaf etdirmək mümkün deyil.

Amerikanın Səsi: Seçkilərə münasibətiniz necədir?

Akif Qurbanov: Yəni seçkilərə münasibətimiz təsadüfən bizim (Platformanın-red) elan edilməyimiz, seçkilər elan olunan günlə eyni vaxta düşdü. Biz seçkilərdə plan qurmamışdıq. Yeni yaranmış qurum olaraq da seçkilərdə iştirak etmək imkanımız təşkilatı resurslar baxımından mümkün deyil. Amma mövqeyimizi ifadə etdik. Fürsətdən istifadə edib burada da mövqeyimizi səsləndiririk. Səsvermə günü gedib 20 dəqiqə, yarım saatımızı alan bir prosesi icra edəcəyik. Çünki burada iştirakçılığın əsas alətlərindən biri də seçkidə iştirakdır. Gedib öz mövqeyimizi ifadə edəcəyik. Nə mövcud hökümətin namizədini, nə onun əslində belə deyək, “satelliti” olan, əslində heç bir namizədlik funksiyasını icra etməyən, onu dəstəkləyən digər 6 namizədin heç birini dəstəkləməyəcəyik. O cümlədən də hökümətin mövqeyinin güclənməsinə yönəlik addım atmayacağıq. Əksinə, hökumətin mövqeyinin əleyhinə olaraq gedib “Seçimimiz Respublikadır” şüarını seçki bülletenində ifadə edəcəyik.

Qeyd: Bu III Respublika Platformasının spikeri Akif Qurbanovun fikirləridir. Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib olunmadığını, hamının qanun qarşısında bərabər olduğunu bəyan edir. Hökumət rəhbərləri ölkədə fundamental azadlıqların, o cümlədən fikir, söz, media, birləşmək azadlığının tam təmin edildiyini bildirir. Bununla yanaşı, yerli hüquq müdafiəçiləri iki yüzdən çox siyasi məhbusun olduğunu iddia edir.

Forum

XS
SM
MD
LG