Accessibility links

Akif Qurbanov: "Tədbirim hakimiyyətin basqısı nəticəsində təxirə salınıb"


Akif Qurbanov
Akif Qurbanov

Demokratik Təşəbbüslər İnstitutunun tədbiri təxirə salınıb. Bu haqda sentyabrın 29-da qeyri-hökumət təşkilatı açıqlama yayıb.

Təşkilat "Mogan Hotel"lə tədbirin keçirilməsi ilə bağlı daha öncə razılıq əldə etdiyini bildirsə də, ardınca tədbirə bir neçə saat qalmış hotelin bundan imtina etdiyini bildirib.

QHT sədri Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, "Məzun günü" tədbirinə görə hakimiyyət hotelə təzyiq edir:

"18 sentyabrda məkan üçün avans ödəmişik, ondan əvvəl də bir neçə dəfə müzakirə aparmışdıq və razılaşmışdıq. Məkan dəqiqləşəndən sonra isə biz tələbələrimizə və təlimçilərimizə dəvət göndərmişdik. Hoteldən bizə zəng gəldi ki, təəssüf ki, tarixləri qarışdırıblar və məkanda həmin gün başqa tədbir nəzərdə tutulub. Mən də bildirdim ki, bu necə ola bilər, bir az öncə siz bizdən ödənişin tamamlanması ilə bağlı rekvizitlər istədiniz, ondan da bir neçə saat əvvəl tədbirin keçiriləcəyi məkana baxacağımızla bağlı danışmışdıq. Bir gün əvvəl də zəng etmişdilər ki, son menyu ilə bağlı qərarımızı dəqiqləşdirsinlər".

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri deyir ki, hotelin menecerinə tədbiri onların başqa məkanında, yaxud başqa tarixdə keçirmək istədiklərini bildirib, menecer isə bunun mümkün olmayacağını söyləyib. Akif Qurbanov hesab edir ki, tədbirin təxirə salınmasının səbəbi göstərişlə olub:

"Biz tədbirin təşkilatçılığı ilə bağlı tədbirin baş tutacağından bir neçə saat öncə hotellə kommunikasiya aparırdıq, birdən belə hadisənin ortaya çıxması və onların tədbiri ümumiyyətlə başqa tarixdə, məkanda keçirə bilməyəcəyimizi deməsi, səbəbin siyasi olduğunu deməyə əsas verir. Hesab edirəm ki, bu, hakimiyyətin siyasətini həyata keçirənlərin və bu işlərə nəzarət edənlərin göstərişidir".

Akif Qurbanovun sözlərinə görə, tədbirin məqsədi Demokratik Təşəbbüslər İnstitutunda müxtəlif mövzularda proqram keçmiş məzunların bir araya toplanması olub və heç bir siyasi mahiyyət daşımayıb.

Forum

XS
SM
MD
LG