Accessibility links

Azərbaycan Prezidenti ABŞ səfirinin etimadnaməsini qəbul edib


İlham Əliyev və Mark Libbi
İlham Əliyev və Mark Libbi

Yanvarın 18-də Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.

Prezident Administrasiyasının məlumatına görə, Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Libbi isə ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

“Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivləri, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunuldu. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparıldı. ABŞ səfiri COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Görüşdə COP29 çərçivəsində Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq imkanlarına toxunuldu”, məlumatda qeyd edilir.

Səfir Libbi dekabrın 2-də Bakıya gəlib.

Son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaşanıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin sualının cavabında bildirib ki, ABŞ ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub.

“İndiki mərhələdə “gərgin” sözü əvəzinə daha yumşaq terminologiyadan istifadə edə bilərik. Bəli, oktyabr ayında bu, gərgin kimi xarakterizə edilə bilərdi”.

O, gərginliyin səbəbinin Azərbaycan tərəfi olmadığını deyib və bunun ABŞ Dövlət katibinin köməkçisinin Konqresdə Azərbaycana qarşı "qərəzli" çıxışından qaynaqlandığını bildirib. Bayramovun sözlərinə görə, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra münasibətlərdə bir sıra inkişaflar qeydə alınıb.

“Biz Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra bir sıra müsbət inkişafın şahidi olduq. Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü ilə Dövlət katibi ilə Azərbaycan Prezidenti arasında telefon danışığı, bundan sonra Konqresdə çıxış edən Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub,” nazir bildirib.

ABŞ-nin Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti 2022-ci ilin iyulunda başa çatıb.

Həmin il mayın 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.

Ötən noyabrda ABŞ Senatı Mark Libbinin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.

Forum

XS
SM
MD
LG