Accessibility links

Şahin Hacıyev: Rusiya İsraili tənqid etməklə ərəb dünyası ilə münasibət qurmaq istəyir


Şahin Hacıyev
Şahin Hacıyev

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Mahaçqalada yəhudilərə qarşı aksiyadan və Rusiyada milli-etnik durumdan danışıb.

Amerikanın Səsi: Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərinin hava limanında yəhudilərin ölkədən çıxarılması tələbi ilə keçirilən aksiyanın təşkilində rəsmi Moskva qərb dövlətlərini və Ukraynanı günahlandırır. Sizcə bunun əsası varmı?

Şahin Hacıyev: Təbii ki, heç bir əsası yoxdur. Moskvanın bu cür bəyanat verməsi, yumşaq desək, başını itirməsinin göstəricisidir. Yəni, Moskvanın yeritdiyi anti-İsrail təbliğatı, televiziya kanallarında gündəlik qərbin əleyhinə olan təbliğat, insanların, cəmiyyətin, geniş kütlənin zombiləşməsi, bunlar hamısı Mahaçqalada baş verən hadisələrin səbəbidir. Rusiya hakimiyyəti bunun qarşısını almaq əvəzinə, əslində isə bunun qarşısını almaq üçün elə bir alətinin olmaması vəziyyətində bu cür yersiz bəyanatlar verir. Bu da Rusiya cəmiyyətinin indiki anda düşdüyü vəziyyətdə kifayət qədər dərin, bəlkə də çıxılmaz böhrandan xəbər verir. Ümumiyyətlə, Rusiya hökumətinin bu sahədə heç bir strateji siyasəti, yəni milli münasibətlər istiqamətində siyasəti yoxdur. Çox güman ki, bu cür böhranlar, bu cür vəziyyətlər gələcəkdə də təkrar olunacaq.

Şahin Hacıyev: Rusiya İsraili tənqid etməklə ərəb dünyası ilə münasibət qurmaq istəyir
please wait

No media source currently available

0:00 0:10:37 0:00

Amerikanın Səsi: Rəsmi Tel-Əviv Rusiyada yaşayan yəhudiləri ehtiyatlı olmağa və təhlükə hiss etdikdə İsrailə getməyə çağırıb. Sizcə Rusiyada yaşayan yəhudilərin təhlükəsizliyi ilə bağlı daha hansı problemlər var?

Şahin Hacıyev: Bu kifayət qədər ciddi problemdir. Ümumiyyətlə, Leninin məşhur ifadəsi var: “Böyük rus şovinizmi”. Rus cəmiyyətinin digər millətlərə olan mənfi münasibəti tarixən olub. O ki, qaldı yəhudilərə, Rusiya 19-20-ci əsrlərdə yəhudilərə qarşı baş verən təqiblərlə məşhurdur. Bu həmişə qan tökülməsi ilə nəticələnib. Odur ki, bu cür mənfi ənənə Rusiyada var. Sadəcə olaraq böhran, münaqişə yaranan zaman və yaxud Rusiyanın xarici dövlətlərlə siyasətində problem yarananda həmişə düşmən axtarırlar. Çox zaman bu ya qərb, Amerika olur, ya da yəhudilər, İsrail. Burada bir məsələ də var. Bunun səbəbi ondadır ki, indiki vəziyyətdə, Rusiya təcrid olunduğu halda, demək olar ki, onun müttəfiqi qalmayıb. İsraili, yəhudiləri təqib etməklə, qovmaqla Rusiya ərəb dünyası ilə münasibət yaratmaq istəyir. Ərəb dünyasında özünə dəstək axtarır.

Amerikanın Səsi: Rusiyada antisemitizm təşəbbüsləri genişlənə bilərmi? Antisemitizmi təşəbbüsləri bu ölkədə milli-etnik duruma necə təsir edə bilər?

Şahin Hacıyev: Təbii, genişlənə bilər. Çox güman ki, genişlənəcək. Çünki Rusiyada milli-siyasi strategiya yoxdur. Rusiya bir böyük, çoxmillətli dövlət kimi indiyənədək bu konsepsiyanı yarada bilməyib. Misal üçün, Şimali Qafqaz, Rusiya-Ukrayna münasibətləri, nə ölkə daxilində, nə xarici yaxın və uzaq qonşularla Rusiyada ümumən bir müsbət potensialı olan milli siyasət yoxdur. Yəni, Rusiya kimi ölkədə hansısa bir millətin əleyhinə və yaxud dini qrupa qarşı ictimai və ya rəsmi səviyyədə təhqir təbii bir şeydir. Uzağa getməyək, Orta Asiya əhalisi, miqrantlar, təhqir olunma, hüquqların pozulması, onların təqib olunması Rusiyada adi hal alıb. Belə olan halda, yeni toqquşmaların, yeni təqiblərin, təhqirlərin, daha ciddi cinayətlərin olacağı təbiididr.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsinin ölkədə milli-etnik sülhə təsirləri varmı? Bu müharibə perspektivdə ölkə daxilində milli-etnik qarşıdurmalara səbəb ola bilərmi?

Şahin Hacıyev: Təbii ki, var. Çox mənfi təsir edib. İlk növbədə, ona görə ki, Rusiya cəmiyyəti qardaş slavyan xalqları arasında münasibətləri çox böyük sual altına qoyub. Çünki ruslara ən yaxın olan millətlərdən biri ukraynalılardır. Bunları da artıq Rusiya satqın, slavyan birliyindən dönmüş bir qrup kimi təqdim edir. Halbuki ukraynalıların sayı 40 milyondan çoxdur. Əgər ruslar özlərinə ən yaxın olan milləti düşmən edibsə, bu vəziyyətin nəticəsinin göstəricisidir. Ukraynalılara olan bu düşmən münasibət, təbii ki, Rusiyada yaşayan digər milli azlıqlara da təsir edir. Belə olan halda ümumi bir xətt olmayanda və yaxud əksinə ümumi xətt mənfidirsə, hər şeydə digər millətləri günahlandırmaq və bütün problemləri onlarda axtarmaq olarsa, cəmiyyət də bu fikirlə yaşayırsa orada nə stabillik olacaq, nə bir normal inkişaf olacaq. Əksinə bu proseslər get-gedə dərinləşəcək və rusların digər millətlərlə münasibəti daha da pisləşəcək.

Amerikanın Səsi: Mahaçqala hava limanında baş verənlər Çeçenistan böhranından sonra Şimali Qafqazda ilk böyük bir hadisə idi. Sizcə Şimali Qafqazda milli-etnik durum necə olacaq? Yəni perspektivdə nə görünür? Münaqişlər, qarşıdurmalar mümkündürmü?

Şahin Hacıyev: Şimali Qafqaz faktiki olaraq artıq Rusiyanın qanunvericiliyi ilə idarə olunmur və hüquq mühafizə orqanlarının nəzarətindən çıxıb. İlk növbədə Çeçenistan. Çeçenistanda artıq yerli qanunlar işləyir, Rusiya qanunları qüvvədə deyil, tanınmır. Hətta Rusiya konstitusiyasını pozan hallar baş verir. Buna qarşı Moskva heç bir şey etmir və yaxud edə bilmir. Bu proseslər get-gedə güclənəcək. Nəyə görə? Birincisi əhalinin milli tərkibi dəyişməkdədir. Müsəlmanların sayı artır. Yerli xalqların sayı artır, ruslar azalır. Burada həm ciddi dini fərq var, həm də mentalitetdə ciddi fərq var. Bu ziddiyyətlər də dərinləşir. Şimali Qafqazda yaşayan xalqlar Rusiya cəmiyyətində, rus xalqına xas olan qaydalarla yaşamaq istəmirlər. Ən maraqlısı budur ki, əgər əvvəllər Moskva tərəfindən bu cəhdlərin qarşısı alınırdısa, təzyiqlər göstərilirdisə, son 10-15 ildə bu ümumiyyətlə baş vermir və bu proseslər əks istiqamətdə get-gedə güclənir. Burada din faktoru çox ciddi rol oynayır. Misal üçün, Mahaçqalada baş verən hadisələr onu göstərdi ki, xarici dövlətə qarşı, digər millətə qarşı dini əsaslarla təqiblər normaldır. Yəni, yerli hakimiyyətin yəhudilərin müdafiəsi ilə bağlı tədbir görmək imkanı olmadı. Ümumiyyətlə bunlar üçün bu tamamilə gözlənilməzdir. Bunun da başqa göstəricisi ondan ibarətdir ki, həm yerli hakimiyyətin, həm Moskvanın sıravi insanlar arasında gedən proseslərdən, onların düşüncələrindən xəbərləri yoxdur. Bunu nə anlayırlar, nə də buna qarşı hansısa bir tədbir görməyə hazır deyillər.

Forum

XS
SM
MD
LG