Accessibility links

Hərbi təhlilçi: Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir


 Zakir Həsənov və Cuanşer Burçuladze (Arxiv foto. Mənbə: Gürcüstan Müdafiə Nazirliyi)
Zakir Həsənov və Cuanşer Burçuladze (Arxiv foto. Mənbə: Gürcüstan Müdafiə Nazirliyi)

Oktyabrın 2-də Milli Məclis Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişini təsdiq edib.

Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Sənəddə qeyd edilir ki, tərəflər hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi-texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə, qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq edəcək.

Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar hər iki ölkənin müdafiə nazirlikləridir.

Gürcüstan parlamenti "Gürcüstan hökuməti ilə Azərbaycan hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" sazişi bu il iyunun 13-də ratifikasiya edib.

Sazişi bu ilin aprelində Bakıda Gürcüstan və Azərbaycanın müdafiə nazirləri Cuanşer Burçuladze və Zakir Həsənov imzalayıb.

Cəsur Sümərinli (Arxiv foto. Mənbə: VOA)
Cəsur Sümərinli (Arxiv foto. Mənbə: VOA)

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli Amerikanın Səsinə bildirib ki, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri hər iki ölkənin milli təhlükəsizlik maraqlarına uyğundur.

Cəsur Sümərinli: Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir
please wait

No media source currently available

0:00 0:02:30 0:00

“Hər iki ölkə arasında ənənəvi olaraq uzun ilərdir möhkəm hərbi və təhlükəsizlik əməkdaşlığı var. Yəni birgə təlimlər keçirilir, NATO çərçivəsində tez-tez görüşlər, müxtəlif müdafiə və təhlküəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılır. Eyni zamanda biz nəzərə almalıyıq ki, NATO ilə təlimlər baxımından Gürcüstanın təcrübəsi var, ABŞ-ın Gürcüstanla hərbi əməkdaşlığını nəzərdən keçirməliyik, çünki ABŞ-ın Gürcüstanda təlim mərkəzi mövcuddur. Həmçinin Azərbaycan da Türkiyə ilə sıx hərbi əməkdaşlıq qurub. O baxımdan hər iki ölkənin hərbi əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir. Hər iki ölkə ordusunu NATO standartlarına uyğunlaşdırmağa çalışır. Gürcüstanda ordu büdcəsinin şəffaflığını, orduya cəmiyyətin nəzarətinin şəffaflığını nəzərə alsaq Azərbaycanın bu təcrübəni, anti-korrupsiya tədbirlərini öyrənməsi faydalı olacaq. Eyni zamanda Gürcüstan üçün də Azərbaycanda antiterror tədbirlərinin aparılması, bu tədbirlərin qısa zamanda həyata keçirilməsi, effektiv nəticə əldə edilməsi, döyüş təcrübəsinin öyrənilməsi maraqlıdır. Gürcütanın işğal altında olan əraziləri baxımından bu təcrübə lazımdır”, təhlilçi qeyd edib.

Sümərinli iki ölkənin hərbi əməkdaşlığının birgə layihələrin təhlükəsiz işləməsi baxımından da mühüm olduğunu düşünür.

“Əlbəttə, bu çox mühüm bir istiqamətdir. İki ölkənin hərbi əməkdaşlığı beynəlxalq enerji layihələrinin təhlükəsiz işləməsi baxımından çox mühümdür”, o qeyd edib.

Forum

XS
SM
MD
LG