Bu həftə Gürcüstanda NATO ölkələri və tərəfdaşlarının "Agile Spirit 2023" beynəlxalq təlimi başlayıb. Təlimlərdə Alyansın 22 üzv dövlətindən və tərəfdaş ölkədən 3600-ə qədər hərbçi iştirak edir. Azərbaycan da təlimlərə qatılıb.
Rəsmi açılış mərasimi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) poliqonunda olub. Gürcüstan on birinci dəfədir təlimlərə ev sahibliyi edir.
Təlimlərdə məqsəd simulyasiya edilmiş döyüş vəziyyətində tapşırıqların birgə işlənməsidir. Təlimlərə çoxmillətli diviziya - Cənub-Şərq (MND-SE), Litva-Polşa-Ukrayna briqadası (LITPOLUKR Briqadası) və NATO Çoxmillətli Hərbi Polis Batalyonu (MNMPBAT NATO) qoşulub.
Təlimin ssenarisinə Türkiyə ərazisinin işğalının imitasiyası, canlı atəşlə səhra təlimləri, xüsusi təyinatlıların və hərbi həkimlərin birgə əməliyyatları daxildir.
"Agile Spirit 2023" təlim zonası həm şərqi, həm də qərbi Gürcüstanı əhatə edir. Tapşırıqların bir hissəsi sahil mühafizəsi ilə birlikdə Poti limanı akvatoriyasında işlənəcək.
Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Böyük Britaniya, Azərbaycan, Belçika, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, İordaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, Slovakiya, İspaniya və Yaponiya iştirak edir.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, "Agile Spirit 2023" təlimi Gürcüstanın Müdafiə Qüvvələri, ABŞ Birləşmiş Qüvvələri, müttəfiqləri və tərəfdaş qüvvələri arasında çoxmillətli mühitdə taktiki səviyyədə qarşılıqlı fəaliyyətin artırılması, əməliyyatların planlaşdırılması və aparılmasında əməliyyat imkanlarının təkmilləşdirilməsi və gücləndirilməsi məqsədi daşıyır.
Çoxmillətli təlim sentyabrın 13-də başa çatacaq.
Forum