Accessibility links

Azərbaycan Gürcüstanda təbii fəlakətin aradan qaldılmasına köməyini təklif edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 4-də Raça dağlıq rayonundakı Şovi kurortunun yaxınlığında baş vermiş sürüşmə ilə əlaqədar gürcü həmkarı İlya Darçiaşviliyə zəng edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Bayramov ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.

Nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Avqustun 3-də yüksək dağlıq Şovi kurortunda baş verən sürüşmə nəticəsində kurort ərazisinə beş milyon kubmetr bərk kütlə axıb. Körpülər dağılıb, Şovinin girişindəki yol zədələnib.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, təbii fəlakət bölgəsində 25 nəfərin axtarışı davam etdirilir.

“11 nəfərin meyiti tapılıb, 200-dən çox insan Sərhəd Polisinin helikopterləri ilə Oniyə təxliyə edilib, oradan da insanlar Tbilisiyə aparılıb”, nazirlik qeyd edir.

Forum

XS
SM
MD
LG