Accessibility links

AXCP fəalının həyat yoldaşı tənqidlərinə görə hədə-qorxuya məruz qaldığını bildirir


Aygün Hümbətova (Arxiv foto)
Aygün Hümbətova (Arxiv foto)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova ölkə rəhbərinin ünvanına tənqidi fikirlər səsləndirdiyinə görə hədə-qorxuya məruz qaldığı barədə sosial şəbəkələrdə məlumat yayıb.

Aygün Hümbətova Amerikanın Səsinə deyib ki, ona açıq telefon nömrəsindən zəng edilib və ölkə başçısının ünvanına tənqidlərini dayandrımasa özünə və övladlarına xəsarət yetiriləcəyi bildirilib.

Hümbətova hədə-qorxuya məruz qaldıqdan sonra polis əməkdaşları ondan izahat alıb.

“Mənim evimə gəlib izahat alan polis bundan öncə məni hədələyən şəxs idi. O dəfələrlə məndən ölkə başçısı ilə bağlı tənqidlərimi dayandırmağı tələb etmişdi. Mən onunla polis bölməsinə getdim. Dedilər hədə-qorxu gələn şəxsi tapıblar. Onun ruhi xəstə Murad Əlizadə adlı, 21 yaşında şəxs olduğunu dedilər. Amma, həmin şəxsin səsi mənə zəng edib hədə-qorxu gələn şəxsin səsinə oxşamırdı. Çünki mənə zəng edən şəxsin səsi yaşlı insanın səsi idi. Orada polis rəisinə dedim ki, bu həmin adam deyil, mən “sizin bu şouya inanmadım”. Orada bildirdim ki, uşaqlarımın haqqını tələb edirəm. Onların sosial yardımını kəsiblər”, o qeyd edib.

Aygün Hümbətovanın sözlərinə görə, uşaqlarının sosial yardımını mayın 1-dən kəsiblər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə bildirdilər ki, ailəmə kəsilən 272 manat sosial yardım düz hesablanmayıb. Mənim üç uşağım var. Ona görə 450 manatdan çox yardım təyin ediləcək. Bu səbəbdən mənə ərizə yazdırıb 272 manatdan imtina etdirdilər. İndi isə nə 272 mantı ala bilirəm, nə də vəd etdikləri 450 manatı. Ailəm çox ağır durumda yaşayır. Üç azyaşlı uşağım var. Hər hansı gəlir yerimiz yoxdur. Evimiz çox rütubətlidir, uşaqlarım öskürür. Həkim deyir müalicə edilməsə astma xəstəliyinə tutulacaqlar. Üç aydan çoxdur ki, yaxşı insanlar uşaqlarıma çörək alırlar. Onun-bunun yardımı ilə zülmlə sabaha ümidlə yaşayıram. Mən Prezident İlham Əliyevə müraciət edirəm. Uşaqlarımın sosial yardımını bərpa edin. Həyat yoldaşım haqsız yerə həbdsdədir. O azadlığa buraxılmaldır ki, ailəsinin, uşaqlarının çörəkpulunu qazansın. Mən dediklərimə nail olanadək aksiyalarımı davam etdirəcəm”, o qeyd edib.

Hümbətova həyat yoldaşının sentyabrın 1-dən onun tələblərinə qoşularaq həbsxanada müddətsiz aclığa başlayacağını bildirib.

Öz növbəsində rəsmi qurumlar Aygün Hümbətovanın iddialarına hələ münasibət bildirməyib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb və Bakının Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.

Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ittiham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.

Həbsindən bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG