Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etiraz aksiyalarının dağıdılması və iştirakçıların həbs edilməsi, habelə jurnalistlərin və hüquq müdafiəçilərinin işinə məhdudiyyətlər qoyulması ilə bağlı narahatlıq ifadə edib.
Komissar 13 iyul tarixində Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazova məktub ünvanlayaraq polisin etirazçılara qarşı qeyri-mütənasib güc, o cümlədən gözyaşardıcı qaz kimi xüsusi vasitələrdən istifadə etməsinin insan hüquqlarının pozuntusu olduğunu qeyd edib. Dunya Miyatoviç hüquq mühafizə orqanlarının hesabatlılığının təmin edilməlisinin vacibliyini, habelə polislərin insan hüquqları standartları üzrə adekvat təlim keçməli olduğunu vurğulayıb.
Etirazlardan sonra Söyüdlü kəndinə girişə qoyulan məhdudiyyətlərə toxunan Komissar, bunun yerli sakinlərin hüquqlarına, o cümlədən şəxsi həyata hörmət və hərəkət azadlığına təhdid olması ilə bağlı narahatlıq ifadə edib.
Bununla yanaşı, bu tədbirlərin müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vəkillərin qanuni fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdığı qeyd edilir. Məktubda jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin peşə fəaliyyətlərini yerinə yetirərkən saxlanıldığı və təzyiqə məruz qaldığı, hadisələrlə bağlı tənqidi fikirlər səsləndirən fəallar Qiyas İbrahimov və Elmir Abbasovun həbs edildiyi vurğulanır.
“Media azadlığının vacibliyini nəzərə alaraq, müstəqil jurnalistlərə istənilən ictimai toplantıya tam girişinə imkanı verilməli və onlar müdaxilə olmadan, təhklükəsiz şəkildə məlumat verə bilməlidirlər. Eyni prinsip hüquq müdafiəçilərinin, o cümlədən vəkillərin də işinə aiddir. Milli hakimiyyət orqanları hüquq müdafiəçilərinin, vəkillərin və vətəndaş cəmiyyəti fəallarının repressiyalara, təqiblərə və digər maneələrə məruz qalma riski olmadan təhlükəsiz şəkildə qanuni fəaliyyətlərini həyata keçirmələrini təmin etməyə borcludurlar”, məktubda qeyd edilir.
Azərbaycan tərəfi cavab məktubunda qeyd edir ki, etiraz aksiyası ölkədən xaricdə yaşayan bir qrup insan tərəfindən sosial şəbəkələr vasitəsilə təşkil edilib və polis əməkdaşlarına xəsarət yetirilib.
“Onlar kənd sakinlərini kütləvi etiraz aksiyalarında iştiraka, dövlət qurumlarına fəal müqavimət göstərməyə, iğtişaşlara sövq etməyə, tikinti texnikasını zədələməyə sövq etmiş və qrup üzvləri ilə bu mövzularda davamlı müzakirələr aparmışlar”, hökumətin cavab məktubunda qeyd edilir.
Hökumət ictimai asayişin pozulması ilə nəticələnən aksiyalar zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmayan, polis əməkdaşlarına müxtəlif küt alətlər, o cümlədən daş ataraq xəsarət yetirən şəxslərə qarşı insanpərvərliklə yanaşıldığını, yalnız inzibati tənbeh tədbirləri görüldüyünü vurğulayıb.
İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb.