Accessibility links

Asiya Inkişaf Bankının Azərbaycanla bağlı hesabatına ekspert baxışı: Yeni layihələrə start veriləcək


Asiya İnkişaf Bankı (Asian Development Bank)
Asiya İnkişaf Bankı (Asian Development Bank)

Asiya Inkişaf Bankı Azərbaycanda iqtisadi yüksəlişlə bağlı hesabatını açıqlayıb. Bəzi ekspert hesabatın Azərbaycanla münasibətləri daha üst səviyyəyə qaldırmaq və ölkəyə yeni kredit xətlərinin açılması üçün zəmin hazırlamaq məqsədi daşıdğını bildirir.

Asiya İnkişaf Bankının Azərbaycanla bağlı hesabatında deyilir ki, koronavirus pandemiyasının (COVID-19) iqtisadiyyata ciddi zərbə vurmasından qısa müddət sonra Azərbaycanın iqtisadi artımı bərpa olunub. Sənəddə bildirilir ki, artım istehsal, nəqliyyat, pərakəndə ticarət, informasiya və kommunikasiya texnologiyaları sahələrində güclü performansla dəstəklənib.

“İqtisadiyyat səhiyyə sektoru da daxil olmaqla xidmətlər sektorunda canlanmaqda davam etdi. Əhalinin 15%-i gücləndirici peyvəndlər alıb, 46%-i isə tam peyvənd olunmaqla peyvəndləmə tempi sabit qalır”.

Hesabatda deyilir ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın rəsmi inkişaf yardımının əsas mənbələrindən biridir.

“AİB-in cari əməliyyatları özəl sektorun inkişafını artırmaq, dövlət sektorunun səmərəliliyini artırmaq, infrastrukturu təkmilləşdirmək və insan kapitalını gücləndirmək məqsədi daşıyan 2019–2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyası çərçivəsində həyata keçirilir. Strategiya Azərbaycan hökumətinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə sıx uyğunlaşdırılıb. 2024-2028-ci illər üçün yeni ölkə tərəfdaşlığı strategiyasının 2024-cü ilə qədər həyata keçirilməsi gözlənilir. Bu günə qədər AİB Azərbaycana ümumi məbləği 3,7 milyard dollar olan 67 dövlət sektoru krediti, qrant və texniki yardım ayırıb. Azərbaycana ümumi kreditlərin verilməsi 3,96 milyard dollar təşkil edir. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilir. AİB-in Azərbaycanda davam edən suveren portfelinə 565,2 milyon ABŞ dolları dəyərində 1 kredit və 1 suveren zəmanət daxildir.”

Hesabatda Azərbaycanın 2003-cü ildən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə inkişafı və əlaqəni təşviq etmək üçün çalışdığı qeyd edilir. Bu yaxınlarda CAREC-in təklif etdiyi Yeni Yaşıl Bərpa, Ərzaq Təhlükəsizliyi və Təmiz Enerji Əməkdaşlığı təşəbbüslərini təsdiqlənib. Bu, COVİD 19 pandemiyasından sonra ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq və təmiz enerjinin inkişafını gücləndirməyi nəzərədə tutur.

“Bu günə qədər AİB Azərbaycana ümumi məbləği 3,7 milyard dollar olan 67 dövlət sektoru krediti, qrant və texniki yardım ayırıb. Azərbaycana ümumi kreditlərin verilməsi 3,96 milyard dollar təşkil edir.”
Asiya İnkişaf Bankının hesabatı

“Təhsil və dövlət sektoru proqramlarının bir hissəsi olaraq, AİB İqtisadi Diversifikasiya Sektorunun İnkişafı üçün Peşə Təhsili və Təlimin Müasirləşdirilməsi proqramının hazırlanması üçün 750 000 ABŞ dolları məbləğində texniki yardım göstərib. Yardım texniki və peşə təhsili və təlim ehtiyaclarını müəyyən etməyə kömək edir. Davam edən 400 milyon ABŞ dolları dəyərində Dəmir Yolu Sektorunun İnkişaf Proqramı Sumqayıt-Yalama dəmir yolu xəttinin yollarının və strukturunun reabilitasiyasına dəstək verir və Azərbaycan Dəmir Yolu Şirkətinin korporativ idarəetməsi, əməliyyat səmərəliliyi və maliyyə dayanıqlığı daxil olmaqla dəmir yolu sektorunda islahatları asanlaşdırır”, sənəddə qeyd edilir.

Bank bildirir ki, AİB-in Azərbaycandakı qeyri-suveren əməliyyatlarının cəmi qalıqları və ödənilməmiş öhdəlikləri 34,7 milyon ABŞ dolları təşkil edib ki, bu da AİB-in ümumi özəl sektor portfelinin 0,27%-ni təşkil edir.

Hesabatda deyilir ki, Azərbaycan hökumətinin 10 illik inkişaf strategiyası, “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri”nə uyğun olaraq dayanıqlı və rəqabətədavamlı iqtisadiyyatı inkişaf etdirməyi, inklüziv cəmiyyətə nail olmağı, insan kapitalını təkmilləşdirməyi, “yaşıl inkişafa” keçidi və infrastrukturun yaxşılaşdırılmasını hədəfləyir.

Bank bildirir ki, hökumət hazırda xarici borcları azaltmaq niyyətindədir və innovasiyalar və yüksək texnologiyalar üçün xarici borclanma imkanlarını nəzərdən keçirir. AİB bu cür layihələrin seçmə kreditləşməsi üçün mühit yaratmaq üçün hökumətlə sıx əməkdaşlıq edir.

“Hökumət bankın satınalma, maliyyə idarəçiliyi, korrupsiyaya qarşı mübarizə, satınalmalarda şəffaflıq, ətraf mühit və sosial təminat tələblərinə uyğunluğu daha da gücləndirmək üçün AİB ilə sıx əməkdaşlıq edir. Layihələr çərçivəsində gender bərabərliyi tədbirlərinin təkmilləşdirilməsi, icraçı agentliklərin idarəetmə və institusional potensialının gücləndirilməsi və investisiyaların maliyyə dayanıqlığının təşviq edilməsi əsas diqqət mərkəzindədir”, hesabatda qeyd edilir.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycanla müstəqilliyin ilk illərindən ciddi əməkdaşlıq edir, zaman-zaman birgə layihələr həyata keçirilib, kredit xəttləri açılıb.

“Çünki Asiya Inkişaf Bankının kriteriyaları və layihələrə münasibəti Azərbaycan hökuməti üçün daha əlverişlidir. Niyə? Ona görə ki, Avropa İnkişaf və Yenidənqurma Bankı, Dünya Bankı layihələr təqdim edərkən onların daha ciddi ekspertiza rəylərini və daha ciddi indikatorlarla yoxlanılmasını da tələb kimi qoyur. Bu baxımdan Asiya İnkişaf Bankı ilə bu cür layihələri həyata keçirmək daha rahatdır”.

Ekspertin fikrincə, Asiya İnkişaf Bankı Azərbaycanla münasibətlərinin daimi yaxşı olmasında maraqlıdır.

Prezident İlham Əliyev bəyan edib ki, 2030-cu ilədək Azərbaycana iqtisadiyyatın yenidən qurulması üçün 25-30 milyard dollar əlavə vəsait lazım olacaq. Bu baxımdan Azərbaycanla normal münasibətləri olan maliyyə institutlarından biri də Asiya İnkişaf Bankıdır”.
Natiq Cəfərli, iqtisadçı ekspert

“Zaman-zaman bir çox layihələrin həyata keçirilməsində Azərbaycana texniki dəstək də göstərib. İndi açıqlanan hesabatdan da görünür ki, Asiya bankının münasibətləri daha da üst səviyyəyə qaldırılmasında marağı var. Çünki Azərbaycanın çox böyük maliyyə vəsaitlərinə ehtiyacı yaranacaq. Prezident İlham Əliyev Almaniyada iş adamları ilə görüşündə də bəyan etdi ki, 2030-cu ilədək Azərbaycana iqtisadiyyatın tam yenidən qurulmasının həyata keçirilməsi üçün 25-30 milyard dollar əlavə vəsait lazım olacaq. Bu o deməkdir ki, beynəlxalq maliyyə institutlarına da müraciətlər artacaq. Bu baxımdan Azərbaycanla normal münasibətləri olan maliyyə institutlarından biri də Asiya İnkişaf Bankıdır”.

Cəfərli hesab edir ki, Asiya İnkişaf Bankının illərdir davam edən hesabatlarına baxanda bu institutun Azərbaycanı ən az tənqid etdiyi və daimi irəliləyişin oduğunu qeyd etdiyi görünür.

“Bu da Azərbaycan hökuməti ilə sıx münasibətlərinin olduğundan xəbər verir. Ümumiyyətlə, Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi layihələrə baxanda daha çox investisiya, infrastruktur layihələrində iştirakı görünür. Bu infrastruktur layihələrində də heç bir risk yoxdur. Çünki zəmanət dövlət tərəfindən verildiyi üçün Azərbaycanın hələ də neft gəlirlərinin yüksək olduğunu, Neft Fondu kimi təhlükəsizlik yastığının olduğunu düşünsək mənə elə gəlir ki, Asiya İnkişaf Bankının addımları və münasibəti anlaşılandır. Yəni onlar münasibətləri üst səviyyədə saxlamaqla yaxın illərdə Azərbaycana böyük həcmdə kredit xətləri ayırmağı düşünürlər. Çünki bu Azərbaycana hələlik təhlükəsiz yatırımıdır. Azərbaycanın Neft Fondundakı vəsaitlərini nəzərə alsaq kredit öhdəliklərini vaxtında ödəməyə qadir olan ölkələrdən biridir”.

Ekspertin qənaətincə, bankın hesabatı Azərbaycanla münasibətlərinin kifayət qədər artacağından xəbər verir.

“Çox yəqin ki, yaxın zamanlarda Asiya İnkişaf Bankı ilə yeni layihələrə start veriləcəyinin şahidi olacağıq”, o qeyd edib.

XS
SM
MD
LG