Asiya İnkişaf Bankı (ADB) koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə 250 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Bu barədə ADB-nin Baş direktoru Masatsuqu Asakava bildirib.
“COVID-19 pandemiyasının davam edən fəsadları Azəraycanın iqtisadiyyatını təkmiləşdirmək, yoxsulluğu azaltmaq istiqamətində qazandığı mühüm uğurları yox etmək təhlükəsini yaradır. ADB Azərbaycanı dəstəkləməyə sadiq qalır və bu proqram da hökumətin pandemiyaya cavab tədbirlərini davam etməyə, kasıb və həssas təbəqələri qorumağa, iqtisadiyyatın dirçəlməsinə zəmin yaratmağa kömək olacaq,” Asakaya qeyd edib.
ADB-nin Koronavirus Yardım, Dəstək, İqtisadi Təhlükəsizlik (CARES) proqramı hökumətin səhiyyə, sosial müdafiə, makroiqtisadi sabitlik sahəsindəki tədbirlərinə maliyyə dəstəyini təmin edəcək
Bununla yanaşı, dövlət maliyyə vəsaitlərinin idarəetməsi sahəsində aparılan islahatları dəstəkləmək üçün ADB tərəfindən 250 min dollar texniki yardım ayrılacaq.