Accessibility links

Taleh Bağırov aclığı dayandırıb


Taleh Bağırov (Arxiv foto, mənbə VOA)
Taleh Bağırov (Arxiv foto, mənbə VOA)

Səhhətində yaranan problemlər və təzyiqlərin dayandırılması səbəbindən aksiyanın 16-cı günündə Müsəlman Hərəkatı Birliyi (MBH) rəhbəri Taleh Bağırov aclığı dayandırıb.

Müsəlman Birliyi Hərəkatı Bağırovun ailəsinə istinadən bildirib ki, o, telefon əlaqəsində səhhətində son günlər yaranmış kəskin problemlərin artdığını deyib.

"Bununla belə Bağırov həbsxanalarda olan problemlər, əsasən təhqir və alçaldıcı davranışları diqqətdə saxlayacağını söyləyib. O, aclıq müddətində dəstək göstərən daxildə və xaricdəki dostlara da təşəkkürünü çatdırıb", Müsəlman Birliyi Hərəkatından Amerikanın Səsinə bildiriblər.

Məlumatla bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində saxlanılan insanların qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məlumatları təkzib edir. Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Rəsmi dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 12 nəfər funksioneri və fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırov 20 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Taleh Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Müsəlman Birliyi Hərəkatı funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.

Mövzuya uyğun

XS
SM
MD
LG