Accessibility links

"Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri acliq aksiyasını davam etdirir


Taleh Bağırov (foto arxiv: mənbə: VOA)
Taleh Bağırov (foto arxiv: mənbə: VOA)

"Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırov aclıq aksiyasını davam etdirir".

Bu barədə Taleh Bağırovun vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, noyabrın 29-da, digər vəkil Fəxrəddin Mehdiyevlə birlikdə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Bağırova baş çəkib.

Vəkilin sözlərinə görə, Taleh Bağırovun səhhətində problemlər yaranıb.

"Vaxtaşırı hərarəti yüksəlir. Onu digər məhbuslardan təcrid etməyiblər, həkim nəzarətinə götürməyiblər", vəkil deyib.

Vəkilin sözlərinə görə, Bağırov noyabrın 26-dan aclıq edir və yalnız su içir.

O, Bağırzadənin hüquqlarının pozulmasına və qeyri-insani rəftara son qoyulmasını tələb etdiyini, eyni zamanda, fiziki təzyiqlərdən şikayət etmədiyini deyib.

Eyni zamanda Bağırovun xanımı Leyla İsmayılzadə Amerikanın Səsinə bildirib ki, noyabrın 29-da axşam Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyindən ona zəng ediblər.

"Taleh aclıq aksiyasına başlayanda Qızıl Xaça müraciət etdim ki, onun vəziyyətilə maraqlansınlar. Dünən axşam saat beşə yaxın mənə dedilər ki, 12 saylı Cəzaçəkmə Müəsissəsindən Qırmızı Xaç Komitəsinə bildiriblər ki, Taleh ayrı otağa yerləşdirilib və tibbi müayinədən keçirilib" , İsmayılzadə deyib.

Bununla bağlı hələlik Qırmızı Xaç Komitəsindən şərh almaq mümkün olmayıb. Məlumatla bağlı, həmçinin Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində saxlanılan insanların qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məlumatları təkzib edir. Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Rəsmi dövlət qeydiyyatı olmayan "Müsəlman Birliyi" Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 10 nəfər funksioneri və fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırov 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Tale Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunub. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

"Müsəlman Birliyi Hərəkatı" funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.

XS
SM
MD
LG