Accessibility links

Demokratik Təşəbbüslər İnstitutu: 2020-2021-ci illərdə Azərbaycanda 88 nəfər siyasi motivlərlə inzibati qaydada həbs edilib


Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Azərbaycanda siyasi motivli inzibati həbslərin monitorinqi (2020-2021)” adlı hesabatını yayıb.

Hesabat İnzibati Xətalar Məcəlləsinin (İXM) şərhinə, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq və regional konvensiyalara, yerli və beynəlxalq təşkilatların hesabatlarına əsaslanır. Həmçinin hesabat media monitorinqi metodu, müxtəlif partiyalar və hərəkat üzvləri ilə əlaqə saxlayaraq onlardan birbaşa informasiya alınmaqla həyata keçirilib.

“Qanunvericilkdə müstəsna hallarda tətbiq edilməsinin nəzərdə tutulmasına baxmayaraq, Azərbaycanda inzibati həbslərin geniş yayılması və kütləvi tətbiq edilməsi bu mövzuda hesabatın hazırlanmasının vacibliyini ortaya çıxarıb,” sənəddə qeyd edilir.

İDİ hesab edir ki, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, İXM-in 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz.

“Lakin praktikada ən çox pozulan norma, istisna halların olmamasına baxmayaraq, inzibati tutma müddətinin 3 saatdan artıq çox olmaması normasının pozulmasıdır. İnzibati qaydada həbs edilənlərin dəqiq statistikasını əldə etmək mümkün olmasa da, Ədliyyə Nazirliyinin 2021-ci il üçün verdiyi məlumata əsasən qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 3.300-dən çox nəfər inzibati qaydada həbs olunub.

Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.”

Pandemiya zamanı inzibati qaydada həyata keçirilmiş həbslər daha çox olsa da, bununla bağlı vahid statistika yoxdur.

Institut Iinzibati həbslərin nə qədərinin siyasi motivli olduğu ilə bağlı da dəqiq məlumat əldə edə bilməyib. Bu istiqamətdə hər hansı ümumiləşdirilmiş statistika açıqlanmır. Lakin siyasi partiya və hərəkat üzvlərinin verdiyi məlumatlara nəzər salsaq, aydın şəkildə görə bilərik ki, inzibati həbslərin altında başqa maraqlar yatır.

Monitorinq nəticəsində müəyyən edilib ki, 2020-2021-ci illərdə 88 nəfər siyasi motivlər əsasında inzibati qaydada həbs edilib.

“Həmin həbslərin 58-i 2020-ci ildə, 30-u isə 2021-ci ildə baş verib. Partiyalar üzrə statistika isə belədir: 57 nəfər AXCP üzvü, 3 nəfər ADR üzvü, 2 nəfər NİDA Vətəndaş Hərəkatından, 2 nəfər Müsavat Partiyasının üzvü, 8 nəfər ictimai fəal, 6 nəfər müxtəlif media orqanlarından olan və ya müstəqil fəaliyyət göstərən jurnalist, 9 nəfər dini qurum mənsubu və dindar şəxslər, 2 nəfər isə digər kateqoriyalara aiddir. 2020-2021-ci illərdə Bakı şəhəri və Abşeron üzrə 60 nəfərin, regionlar üzrə isə 25 nəfərin siyasi motivli inzibati həbs edildiyi məlum olur. 3 nəfəri isə təyin etmək mümkün olmayıb. Sözügedən illərdə siyasi motivli inzibati həbs edilənlərin maksimum həbs müddəti 60 gün, minimum isə 5 gün olub. Əksəriyyət 30 günlük həbslə cəzalandırılıb.”

Sənəddə bildirilir ki, bu məlumatların da reallığı tam əks etdirdiyini iddia etmək mümkün deyil.

“Belə ki, bütun inzibati həbslərin, o cümlədən də siyasi motivli inzibati həbslərin dəqiq statistikasını əldə etmək mövcud datalarla mümkünsüz görünür. Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fəallar ictimai və siyasi fəaliyyətlərinə görə inzibati həbsə məruz qalırlar. Bu inzibati həbslər əsasən ifadə və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq, insanların öz fikirlərini, xüsusilə də pandemiya zamanı dövlət qurumlarının fəaliyyətinə dair tənqidlərini bölüşməkdən çəkindirmək xarakteri daşıyıb. Xüsusilə də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin qanuni əmrinə qəsdən tabe olmamaq) və 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrindən siyasi təzyiq vasitəsi kimi istifadə olunduğu müəyyən edilib.”

IDI bildirir ki, Avropa Şurası Nazirlər Komitəsinin 2 dekabr 2021-ci il tarixli 1419-cu iclasında qəbul etdiyi aralıq bəyanatında Azərbaycana qarşı Konvensiyasının 5, 6 və 11-ci maddələrinin pozuntusunun tanındığı işlərin siyahısı verilib. Siyahıda 30 iş yer alır.

Avropa Məhkəməsi bu qərarlarda bildirib ki, inzibati həbslərdən mitinqlərdə iştirak edən və ya etmək istəyən fəalların qarşısını almaq və cəzalandırmaq məqsədilə istifadə olunub.

Hesabatın sonunda yekun nəticələr və zəruri tövsiyələr qeyd edilib.

Bununla yanaşı Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların əqidəsinə görə təqib edilmədiyini və siyasi məqsədlərlə həblsərin olmadığın bəyan edir. Rəsmi Bakı bu barədə beynəlxalq və yerli tənqidləri qəbul etmir. Eyni zamanda Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 5 noyabr 2013-cü ildə bir qrup hüquqşünas və ictimai xadim tərəfindən yaradılıb. Təşkilatın sədri Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanovdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG