İyulun 16-da Azərbaycan Prezidentinin sərəncamı ilə Səfər Mehdiyev Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. Sənəddə Mehdiyevin vəzifəsindən azad edilməsinin səbəbləri göstərilməyib.
Onun yerinə hələ təyinat yoxdur.
Mehdiyev 23 aprel 2018-ci ildən Gömrük Komitəsinin sədri idi.
Səfər Mehdiyev vəzifədən azad edilməsinə hələ münasibət bildirməyib. Onun vəzifədən azad edilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin bu qurumun yüksək vəzifəli şəxslərinin həbsi barədə yaydığı məlumtadan bir gün sonraya təsadüf edir.
Belə ki, dünən, iyulun 15-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsindəki son həbslərlə bağlı rəsmi məlumat yayıb. Həbs edilənlər arasınada azı iki gömrük generalı da var.
Rəsmi məlumata görə, həbs edilən vəzifəli şəxslərin bəziləri hətta hərbi qulluqçulara paylanılması nəzərdə tutulan siqaret məhsullarını Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, qanunla müəyyən edilmiş prosedur qaydalarını pozmaqla şəxsi münasibətdə olduğu şəxslərə verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi qaldırılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti son illərdə ictimaiyyət tərəfindən kəskin tənqidlərlə qarşılanıb. Bu komitənin son zamanlar çoxsaylı əməkdaşları rüşvət və vəzifə mövqeyindən sui istifadə ittihamları ilə həbs edilib.