Accessibility links

ABŞ Azərbaycan Dövlət Gömrük Komitəsinə Mobil Aşkarlama avadanlığı ianə edib


The United States has donated Mobile Detection Equipment to the State Customs Committee of Azerbaijan
The United States has donated Mobile Detection Equipment to the State Customs Committee of Azerbaijan

Fevralın 17-də ABŞ ianə olaraq Azərbaycan Dövlət Gömrük Komitəsinə mobil aşkarlama avadanlığı təqdim edib.

Təqdimat mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib ki, ABŞ və Azərbaycan kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün uzun müddətdir əməkdaşlıq edir.

“Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaqdır, Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək,” o qeyd edib.

Səfirin sözlərinə görə, təqdim edilən yeni rentgen skaynerləri və radarlar kimi avadanlığın istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycan və ABŞ arasındakı əlaqələr iki ölkənin gömrük orqanlarının səmərəli və işgüzar münasibətlərinə töhfə verib.

“Əməkdaşlarımızın potensialının gücləndirilməsi, gömrük sahəsində tətbiq edilən yeni texnologiyaların əldə edilməsi, bilik və bacarıqların mənimsənilməsi, müasir təcrübə və yanaşmaların öyrənilməsi istiqamətində ABŞ tərəfindən göstərilən dəstəyə görə minnətdarlığımı bildirirəm. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin gömrük qurumları arasındakı qarşılıqlı əlaqələr ümumi işə mühüm töhfə verib,” o qeyd edib.

ABŞ Səfriliyi bildirir ki, bu gün təqdim edilən avadanlıq ABŞ Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı vasitəsilə təqdim olunan bir necə yardımlardan biridir. 1999-cu ildən bəri EXBS proqramı çərçivəsində təqdim olunan yardımların məbləği 25 milyon ABŞ dollarından çox olub. Bu il təqdim olunan avadanlığın ümumi məbləği 250 min ABŞ dollarından çox olacaq. Bu yardım Azərbaycanın sərhədlərin mühafizəsinin təminatına və qanunsuz daşınmaların qarşısının alınmasına kömək edəcək.

ABŞ Dövlət Departamentinin EXBS proqramı kütləvi qırğın silahlarının yayılması və adı silahların qanunsuz daşınmasının qarşısını almaq məqsədi ilə dünyada icra olunan təşəbbüsdür. EXBS proqramı, tərəfdaş ölkələrə beynəlxalq qurumlar və BMT-in Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi çərçivəsində üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yardım edir. EXBS proqramı Azərbaycanla yanaşı digər 60 dövlətdə də icra olunur. Bu proqram sərhədlərin gücləndirilməsi, qanunsuz daşınmaların qarşısının alınmasında vacib element hesab olunur.

1999-cu ildən bəri icra olunan EXBS proqramı çərçivəsində Azərbaycanda çoxsaylı təlimlər keçirilib, vacib avadanlıq və texniki yardımlar təqdim olunub. Mobil aşkarlama avadanlığının ianəsi təqdim olunan bir necə yardımlardan biridir. Bu yardım Azərbaycanın cənub sərhədində tətbiq etdiyi gömrük fəaliyyətlərini gücləndirərək gömrük rəsmilərinə qanunsuz daşınmaların qarşısının alınmasında yardım edəcək.

XS
SM
MD
LG